2 gün, 13 saat əvvəl

UFAZ-da “Caspian Geo” Karyera Günü tədbiri keçirilib

WhatsApp Image 2025-10-10 at 11.42.21 geo

Oktyabrın 8-də Azərbaycan-Fransız Universitetində (UFAZ) “Caspian Geo” şirkətinin təşkilatçılığı ilə Karyera Günü baş tutub. Xəzər regionunda seysmik məlumatların toplanması üzrə aparıcı şirkətlərdən biri olan “Caspian Geo”nun təqdimatında keçirilən tədbirdə UFAZ və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 3-cü və 4-cü kurs tələbələri, eləcə də məzunları iştirak ediblər. Onlar geofizika və neft mühəndisliyi sahəsində karyera imkanları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Əsas sessiyadan öncə UFAZ, ADNSU və “Caspian Geo” nümayəndələrinin iştirakı ilə qısa görüş təşkil olunub. Görüş zamanı tələbələr üçün potensial əməkdaşlıq istiqamətləri və gələcək təcrübə proqramları müzakirə edilib. Görüşdə ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, baş katib Martin Godon, Karyera Mərkəzinin koordinatoru Qənirə Nəsibova, həmçinin “Caspian Geo” şirkətinin baş direktoru Ağamurad Muradov, əməliyyatlar direktoru Xanəlı Əhmədov və insan resursları üzrə menecer Günşan İsgəndərova iştirak ediblər.

İnformasiya sessiyası zamanı şirkət nümayəndələri “Caspian Geo”nun fəaliyyəti barədə ətraflı məlumat veriblər. Onlar şirkətin quru və dəniz seysmik layihələri üzrə geniş təcrübəsini vurğulayıb, gənc mütəxəssislər üçün açıq vakansiyalar və karyera imkanlarından bəhs ediblər. Tələbələr “Caspian Geo”nun uzunmüddətli fəaliyyəti, SOCAR və “BGP Offshore” arasında uğurlu tərəfdaşlığı, həmçinin BP, “Total”, “ExxonMobil” və “Chevron” kimi beynəlxalq şirkətlər üçün həyata keçirilmiş layihələr barədə məlumat alıblar.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. Tələbələr geofiziki tədqiqat sahəsində texniki və peşəkar inkişaf imkanları barədə suallarına cavab tapıblar. Görüş tələbələrlə sənaye nümayəndələri arasında birbaşa əlaqə yaradaraq akademik biliklərin real istehsalat təcrübəsi ilə əlaqələndirilməsinə töhfə verib.

3geo
4geo
5geo
6geo
7geo
8geo
9geo
10geo