4 həftə, 2 gün əvvəl
“Yeni Nəsil Bacarıqlar” Təlim Proqramının İştirakçılarının Sertifikasiya Mərasimi Baş Tutdu

UFAZ-ın Karyera Mərkəzinin Azərbaycan HR İnstitutu, “Sustainera Solutions” və “TotalEnergies” kimi tərəfdaşlarla birgə təşkil etdiyi “Yeni Nəsil Bacarıqlar” Təlimi uğurla başa çatdı.
Aprelin 15-də start götürən proqram 4 həftə ərzində 3-cü və 4-cü kurs mühəndislik tələbələrinə karyera imkanlarını artırmaq, peşəkarlardan real dünya təcrübələrini dinləmək imkanı əldə etdilər. 20 saatlıq təlim mühazirə, seminar, təqdimat və interaktiv sual-cavab sessiyalarını özündə ehtiva etdi. Dərslər zamanı tələbələr həm texniki biliklərə, həm də dövrün və bazarın tələbi olan yumşaq bacarıqlara yiyələndilər.
Azərbaycan HR İnstitutunun mütəxəssisləri Turan Talıbova və Esmira İbrahimova “Mühəndislər üçün yumşaq bacarıqlar” adlı təlimi reallaşdırdılar. Sessiyalar zamanı xüsusən Enerji sektorunda gələcəyin mühəndisləri üçün liderlik bacarıqları və İş yerində münaqişələrin idarə olunması mövzularına fokuslanıldı. Sürətlə inkişaf edən enerji sektorunda hansı müasir biliklərə tələbatın yarandığına diqqət çəkildi.
“Sustainera Solutions” şirkətinin nümayəndələri Rəhman Qədirov, Nərminə Əliyeva və Murad Hüseynov “Dayanıqlılıq və ESG-nin Əsasları” başlıqlı təlim proqramı ilə çıxış etdilər. Dayanıqlılıq və ESG-nin əsasları, ESG-nin praktikası və yeni trendlər, “Yaşıl enerji” sektorunda innovasiya və sahibkarlıq məsələlərinin əhatə olunduğu sessiyalarda “yaşıl gələcəyin” qurulması üzrə biliklər əldə edildi.
“Total Energies”lə birgə reallaşan təlimlərdə “Dayanıqlı Enerjinin Gələcəyi” mövzusu prioritet oldu. Çingiz Orucov və Emil Həsənovun iştirakı ilə keçirilən sessiyalarda Enerji keçidi və neft-qaz şirkətlərinin rolu, Bərpaolunan enerjinin gələcəyi: fürsətlər və çağırışlar, Enerji sektorunda dövri iqtisadiyyat məsələlərinə baxıldı. Bir çox qollara ayrılan enerji sektorunda karyera quran gənc mütəxəssislərə zəruri bilik və bacarıqlar öyrədildi.
Uğurla yekunlaşan təlimin sertifikasiya mərasimi Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru vəzifəsini icra edən Lətifə Nəsibova və baş katib Martin Qodonun açılış nitqi ilə start götürdü. Rəhbərlik nitqlərində Karyera Mərkəzinin təlim təşəbbüsünü, tərəfdaşların insan kapitalına yönələn töhfələrini, eləcə də tələbələrin aktiv iştirakını yüksək dəyərləndirdi. Ardınca təlim müddətində tələbələrə yol göstərən sessiyalardan ibarət videoçarx oynadıldı.
Daha sonra söz Azərbaycan HR İnstitutunun Tərəfdaşlıq departamentinin rəhbəri Aytən Hüseynova, “Sustainera Solutions” şirkətinin Biznesin inkişafı üzrə mütəxəssisi Nərminə Əliyeva və “TotalEnergies”in Biznesin İnkişafı üzrə Baş Mütəxəssisi Çingiz Orucova verildi. Nümayəndələr dayanıqlılıq prinsiplərinin əsas götürüldüyü bir dövrdə yetişən gələcəyin işçi kapitalının yeni biliklərə açıq olmasını alqışladılar. Tələbələrin hər birinin yüksək diqqət nümayiş etdirdiyini, yeni innovativ ideyalara malik olduğunu, eyni zamanda iş həyatına daha hazırlıqlı olduqlarını deyən təlimçilər onlara karyeralarında uğurlar arzuladılar.
Çıxışların ardınca UFAZ rəhbərliyi tərəfdaş şirkətlərin nümayəndələrinə töhfələrinə görə sertifikatlar verdilər. 70-dən çox tələbə arasından seçilən və təlimi uğurla başa vuran 17 tələbənin sertifikatları isə təlimçilər tərəfindən təqdim olundu. Müxtəlif universitetləri təmsil edən tələbələr təlim proqramının onlara yeni imkanlar qazandırdığını vurğuladılar.
Sonda universitet rəhbərliyi, təlimçilər və tələbələrin iştirakı ilə kollektiv şəkillər çəkdirildi. Sertifikasiya tədbiri bilik mübadiləsi və yeni əməkdaşlıqlar üzrə müzakirələrə imkan yaradan çay fasiləsi və şəbəkələşmə hissəsi ilə davam etdi.
Asudə vaxtını yeni biliklər əldə etməyə sərf edən UFAZ tələbələrini bir daha təbrik edir, karyera yolunda, eyni zamanda akademik fəaliyyətlərində yeni nailiyyətlərə çatmaqlarını arzu edirik.
















