2 gün, 16 saat əvvəl
UFAZ Tələbə və Məzunlarının CH4NGE Startapı Almaniyada Təqdim Olundu

Azərbaycan-Fransız Universitetinin CH4NGE komandası 2025-ci ilin yanvarında “SpinLab” və “SABAH.HUB”ın birgə təşkil etdiyi, Bakı keçirilən “ClimateTech” inkubasiya proqramı çərçivəsində qalib adını qazanıb. Demo Günündə CH4NGE komandası layihələrini yüksək səviyyəli münsiflər heyətinə təqdim edərək “SpinLab”ın Almaniyanın Leypsiq şəhərində keçirilən Seçim Gününə vəsiqə qazanıb.
Yarışmanın növbəti mərhələsində komanda üzvləri olan Kamal Əhmədov, Suad Əfəndiyeva və Rəna Əliyeva startaplarını “SpinLab - The HHL Accelerator” proqramını Almaniyada təqdim ediblər. Beynəlxalq səviyyədə təqdim edilən CH4NGE layihəsi böyük marağa səbəb olub. Komanda üzvləri bu fürsət sayəsində “SpinLab” icması ilə əlaqə qurmaq, Leypsiqin startap ekosistemini araşdırmaq və öz “ClimateTech” həllərini qlobal səviyyədə inkişaf etdirmək imkanı əldə ediblər.
“SpinLab - HHL Accelerator” proqramı biznesini böyütmək istəyən təşəbbüskar və innovativ komandaların inkişafını dəstəkləyən bir startap inkişaf mərkəzidir. Məqsədi isə praktik şəkildə innovativ, müxtəlifliyə əsaslanan və dayanıqlı bir cəmiyyət ərsəyə gətirməkdir. Təsisçi komandalar intensiv kouçinq ilə yanaşı, yüksək səviyyəli mentorluq proqramından, eləcə də investorlar, aparıcı şirkətlər və digər təsisçilərlə geniş əlaqələr şəbəkəsindən faydalanırlar. Tədbir UFAZ tələbələri üçün də bu baxımdan olduqca verimli keçib.
Təqdimata hazırlıq müddətində CH4NGE komandası Dmitriy Kuramşin və Tamerlan İmanovun dəstəyi ilə əsas funksiyaların əksəriyyətini əhatə edən ilkin MVP versiyası da formalaşdırıb. Adrian Slowik, Kathrin Kronberger və Lukas Zechel məhsulun və təqdimatın təkmilləşdirilməsində tələbələrə mentorluq edib.
UFAZ tələbə və məzunlarından ibarət CH4NGE komandasını peşəkar fəaliyyətləri yolunda atılmış bu addım münasibətilə təbrik edir, uğurlarının davamını diləyirik!
