11 saat əvvəl
“Worley” əməkdaşlarının övladları UFAZ-ın tədris laboratoriyaları ilə tanış olublar
Fevralın 20-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) tədris laboratoriyalarında "Worley" şirkətinin əməkdaşları və onların övladları üçün maraqlı STEM Açıq Qapı tədbiri təşkil edilib. Xüsusi ekskursiyada şirkətin 8 əməkdaşı ilə yanaşı, elmə maraq göstərən 7-15 yaş arası 20 uşaq iştirak edib. İki saat yarım davam edən proqram uşaqların texniki sahələrə olan marağını artırmaq və onlara müasir elmi laboratoriya mühitini yaxından tanıtmaq məqsədi daşıyıb.
Təhsil turu Yer elmləri laboratoriyasının mikroskop otağında start götürüb və burada uşaqlar süxurların mikroskopik quruluşu ilə tanış olublar. Ardınca Analitik kimya laboratoriyasına yollanan gənc qonaqlar maddələrin tərkibi, Fizika laboratoriyasında isə fiziki proseslərin eksperimental əsasları haqqında məlumat əldə ediblər. Üzvi kimya laboratoriyasında molekulyar aləmin incəliklərini müşahidə edən iştirakçılar sonda Kimya mühəndisliyi laboratoriyasında nəzəri biliklərin sənayedə necə tətbiq olunduğunu öyrəniblər.
Hər bir laboratoriyada mütəxəssislər uşaqları qarşılayaraq onlara yaş qruplarına uyğun izahlar verib və suallarını cavablandırıblar. Tədbirin sonunda elmi səyahəti uğurla tamamlayan bütün uşaqlara xüsusi sertifikatlar təqdim olunub.