1 həftə, 1 gün əvvəl

UFAZ və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub

1 su idarəsi

Azərbaycan-Fransız Universitetinin (UFAZ) rəhbər heyəti ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun rəhbər heyəti arasında görüş keçirilib. Görüşdə tərəflər “Su ehtiyatlarının idarəedilməsi” üzrə magistratura ixtisası və bu sahədə gənc mütəxəssislərin hazırlanması ilə bağlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tədbirdə institut sədrinin müavini Rəşail İsmayılov, Doktorantura və gənc mütəxəssislərlə iş sektorunun rəhbəri Günay Dünyamalıyeva, həmçinin UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov, baş katib Martin Qodon, UFAZ-ın koordinatoru, professor Jan-Mark Planeks, Tədris departamentinin müdiri Səmra Şiriyeva, “Yer elmləri” proqramı üzrə koordinator Lukas Bofil və Karyera mərkəzinin koordinatoru Qənirə Nasibova iştirak ediblər.

Müzakirələr zamanı “Su ehtiyatlarının idarəedilməsi” magistratura ixtisasının ölkəmiz üçün aktuallığı vurğulanıb. İnstitut nümayəndələri bu sahədə yüksək ixtisaslı mütəxəssislərə ehtiyacın artdığını bildirib və proqramın təkmilləşdirilməsinə dəstək verməyə hazır olduqlarını qeyd ediblər.

Tərəflər tələbələrin praktik biliklərinin artırılması üçün müxtəlif imkanlar – laboratoriya və su təmizləmə müəssisələrinə ekskursiyalar, aylıq mühazirələr, təcrübə proqramları və “Su Texnologiyaları Hakatonu”nda iştirak perspektivlərini də müzakirə ediblər.

İnstitutun nümayəndələri, həmçinin, “Kimya” və “Kimya mühəndisliyi” ixtisaslarının tələbələrinin Azərbaycanın Milli Su Strategiyasına uyğun olaraq “Ağıllı Su İdarəetmə Sistemi” layihəsinə cəlb olunmasını təklif ediblər.

Görüşdə qarşılıqlı əməkdaşlığın çərçivəsinin müəyyənləşdirilməsi, ilk pilot layihələrin həyata keçirilməsi və təlimlərlə bağlı “yol xəritəsi”nin hazırlanması barədə razılıq əldə olunub.

3 su idarəsi
4 su idarəsi
5 su idarəsi
6 su idarəsi
7 su idarəsi