12 saat əvvəl

UFAZ və Toraighyrov Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

qazaxıstan rektoru görüş 23 sent

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyi ilə keçirilən “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” çərçivəsində Bakıda səfərdə olan Qazaxıstanın Toraighyrov Universitetinin rektoru Dr. Nurlan Medetov sentyabrın 23-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) səfər edib.

Qonaqlar əvvəlcə universitetin binası və laboratoriyaları ilə tanış olublar. Daha sonra UFAZ-ın icraçı direktoru dos. Vazeh Əskərov, baş katib Martin Qodon, Tədris şöbəsinin müdiri Səmra Şiriyeva, Karyera Mərkəzinin koordinatoru Qənirə Nəsibova, Toraighyrov Universitetinin rektoru Dr. Nurlan Medetov və Strateji Planlaşdırma və Keyfiyyətin İdarəedilməsi Mərkəzinin rəhbəri Raygül Səlimova iştirakı ilə görüş keçirilib.

Görüş zamanı iki universitetin əsas fəaliyyət istiqamətləri, inkişaf hədəfləri və mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə xüsusilə elmi-tədqiqat fəaliyyəti, tədqiqatçıların peşəkar inkişafı və bu sahədə universitetlərarası əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət yetirilib.

Toraighyrov Universitetinin nümayəndələri UFAZ-ın tədqiqat yönümlü fəaliyyəti, universitetdə həyata keçirilən elmi layihələr, yüksək standartlara malik laboratoriyalar və burada çalışan tədqiqatçıların potensialı ilə maraqlandıqlarını bildiriblər. İki universitet arasında tədqiqat layihələrinin həyata keçirilməsi, akademik və tədqiqatçı mübadiləsi, həmçinin professor-müəllim heyəti üçün mübadilə proqramlarının yaradılması imkanları müzakirə olunub.

Görüş zamanı Toraighyrov Universitetində elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi üçün əhəmiyyətli həcmdə qrant imkanlarının yaradıldığı da qeyd olunub. Universitet nümayəndələri enerji şirkətlərindən yaranan tullantıların, o cümlədən şlakların təkrar emalı və utilizasiyası istiqamətində tədqiqatların maliyyələşdirilməsi üçün qrant imkanlarının olduğunu bildiriblər. Eyni zamanda, polimer laboratoriyalarının inkişafına investisiyaların artırıldığı və bu sahədə ixtisaslı mütəxəssislərə ehtiyac olduğu vurğulanıb. Qazaxıstan tərəfi bu istiqamətlərdə Azərbaycanın təcrübəsinin öyrənilməsində və UFAZ ilə tədqiqat əməkdaşlığının inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə, həmçinin universitet-biznes əməkdaşlığının inkişafı və əmək bazarının ehtiyaclarına uyğun mütəxəssislərin hazırlanması məsələləri müzakirə olunub. Toraighyrov Universitetinin nümayəndələri sənaye və biznes sektorunun kadr ehtiyaclarının qarşılanmasına töhfə vermək məqsədilə beynəlxalq tərəfdaşlıqların inkişafına xüsusi önəm verdiklərini bildiriblər.

Görüş qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi imkanlarının müzakirəsi ilə yekunlaşıb.