1 il, 6 ay əvvəl
“Heydər Əliyev 100: Mühəndislik hakatonu” başa çatıb

Oktyabrın 14-15-də Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən “Heydər Əliyev 100: Mühəndislik hakatonu” intellektual yarışı başa çatıb.
Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual yarışda 21 universitetdən 30 komanda iştirak edib. 27 komanda münsiflər heyəti qarşısında “Ekologiya və ətraf mühit”, “Nəqliyyat və logistika”, “İnnovasiya və texnologiya” sahəsində verilən tapşırıqlara uyğun həllər təklif ediblər. Yekunda komandalar texniki və biznes meyarları üzrə təqdimatla çıxış edib.
Texniki hissədə UFAZ-ın Kompüter Elmləri Proqramı üzrə koordinatoru Samer El Zant, biznes kateqoriyası üzrə münsiflər heyətində isə Baki Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Ramil Şükürov, “Eazi Start” startup və innovasiya mərkəzinin koordinatoru Elviz İsmayılov, UFAZ İnnovasiya Mərkəzinin rəhbəri Cəsur Həsənov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlarının Assosiasiyasının sədr müavini Rauf Cabarov və “Digital Umbrella” şirkətinin Süni intellekt departamentinin rəhbəri Eldar Babayev təklif olunan həlləri dəyərləndiriblər.
120 tələbənin iştirak etdiyi intellektual yarışın nəticələri oktyabrın 21-də Heydər Əliyev mərkəzində “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda keçiriləcək tədbirdə elan olunacaqdır.

