12 saat əvvəl
UFAZ-da “Fransada təhsil” mövzusunda məlumatlandırıcı tədbir keçirilib
Oktyabrın 1-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri üçün “Fransada təhsil” mövzusunda məlumatlandırıcı sessiya keçirilib.
UFAZ və “Campus France” Azərbaycan bürosunun birgə təşkilatçılığı ilə keçirilən görüşdə Fransada ali təhsil imkanları, universitetlərə qəbul və müraciət prosedurları, eləcə də tələbələr üçün mövcud akademik seçimlər diqqətə çatdırılıb.
Sessiya çərçivəsində “Études en France” platforması üzərindən müraciət prosesi, Fransa Səfirliyinin təqaüd proqramı, həmçinin Fransadakı universitetlər və “Grandes Écoles” ali təhsil müəssisələrinin əsas xüsusiyyətləri barədə təqdimat keçirilib.
Tədbirin spikeri Tibo Monbaye Fransada təhsil almaq istəyən tələbələr üçün mövcud imkanlar və qəbul mərhələləri barədə ətraflı məlumat təqdim edib, iştirakçıların suallarını cavablandırıb.
Görüş tələbələrin Fransada ali təhsil almaq üçün mövcud seçimlər və müraciət imkanları barədə məlumatlandırılmasına, eləcə də növbəti akademik addımlarını planlaşdırmalarına dəstək olub.