1 həftə, 1 gün əvvəl

UFAZ/ADNSU tədqiqatçılarının beynəlxalq əməkdaşlığı kvant texnologiyaları üçün yeni maqnit materialların kəşfinə yol açıb

website news cover babablyyy

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tədqiqatçıları qabaqcıl materialşünaslıq sahəsində mühüm elmi nailiyyət əldə ediblər. UFAZ və ADNSU-nun tədqiqatçı müəllimi Dr. Dünya Babanlı, onun Strasburq Universiteti (UNISTRA) və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) ilə ortaq əməkdaşlıq çərçivəsində çalışan doktorantı Fuad Səfərov və UFAZ-ın məzunu Ləman Mahmudova ilə birgə apardıqları tədqiqat nəticəsində kvant hesablama və spintronika sahələrində perspektivə malik yeni maqnit materiallar sintez olunmuş və öyrənilmişdir.

Tədqiqat qrupu GeSb₄Te₇–MnSb₄Te₇ sistemi üzərində işləyərək Mn₀.₅Ge₀.₅Sb₄Te₇ birləşməsinin maqnit xüsusiyyətlərini tədqiq edib. Tədqiqatın əsas hərəkətverici qüvvəsi elmə məlum olan GeSb₄Te₇ və MnSb₄Te₇ birləşmələrinin maraqlı superkeçiricilik xüsusiyyətləri, eləcə də MnSb₄Te₇-nin antiferromaqnit xarakteri olmuşdur. Tədqiqatın ilkin mərhələsində 50 mol% MnSb₄Te₇ tərkibli nümunə SQUID maqnitometriyası üçün seçilmiş və bu ölçmələr nəticəsində 14.4 K və 3.6 K temperaturda müvafiq olaraq paramaqnitdən ferrimaqnitə və ferrimaqnitdən ferromaqnitə iki maqnit keçid müşahidə edilmişdir.

Nəticədə, təmiz MnSb₄Te₇ birləşməsinə nisbətdə həm effektiv, həm də saturasiya maqnit momentləri əhəmiyyətli dərəcədə azalmışdır. Bunun səbəbi Ge ionlarının yaratdığı maqnit seyrəlməsi və Sb mövqelərində mövcud olan Mn ionlarının laylardaxili antiferromaqnit qarşılıqlı təsirləri ilə əlaqələndirilir.

Tədqiqatın ilkin nəticələri doktorant Fuad Səfərovun ilk elmi məqaləsi kimi “Scopus” bazasında indekslənən beynəlxalq “Advanced Physical Research” jurnalında dərc olunmuşdur: https://jomardpublishing.com/journals/advanced-physical-research/volumes/10/issues/24

Bu iş kvant materialları üzrə yeni istiqamətlər açaraq oxşar sistemlərin ardıcıl şəkildə öyrənilməsi üçün möhkəm elmi zəmin yaradır. Gənc tədqiqatçının bir neçə digər məqaləsi isə hazırda nüfuzlu beynəlxalq elmi jurnallarda baxılma mərhələsindədir.

Bununla yanaşı, Dr. Dünya Babanlı 13-17 oktyabr tarixlərində elmi əməkdaşlıqların daha da gücləndirilməsi məqsədilə Fransanın Strasburq şəhərinə elmi səfər etmişdir.

UFAZ qabaqcıl beynəlxalq əməkdaşlıqlar vasitəsilə materialşünaslıq sahəsində tədqiqatların sərhədlərini genişləndirməyə sadiqdir. Bu uğur tədqiqatçılarımızın qlobal elmi innovasiyalara verdiyi töhfəni bir daha nümayiş etdirir.