11 saat əvvəl
UFAZ-da “Baker Hughes” şirkətinin nümayəndələri ilə görüş və infosessiya keçirilib
Oktyabrın 28-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Mühəndislər Birliyi (AZMİİB) ilə əməkdaşlıq çərçivəsində “Baker Hughes” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə şirkəti ölkə direktoru Yanis Levjinski, regional satış meneceri Malik İsrafilov, OFSE Digital “Leucipa” istiqaməti üzrə ENSC, SSA və Türkiyə üzrə satış rəhbəri Ayxan Salmanov, insan resursları üzrə menecer Nərgiz Muradova və Kontinental Avropa və Xəzər geozonası üzrə baş layihə məsləhətçisi, yerli məzmun üzrə rəhbər Aygün Seyidova təmsil ediblər. UFAZ-ın adından görüşdə universitetin baş katibi Martin Qodon, UFAZ-ın koordinatoru, Strasburq Universitetinin (Unistra) vitse-prezidenti Jan-Mark Planeks və Karyera Mərkəzinin koordinatoru Qənirə Nəsibova iştirak ediblər.
Görüşdən sonra “Baker Hughes” nümayəndələrinin iştirakı ilə tələbələr üçün infosessiya təşkil olunub. Şirkətin müxtəlif istiqamətlər üzrə mütəxəssisləri öz fəaliyyət sahələri, tətbiq etdikləri texnologiyalar və xidmətlər barədə təqdimatlarla çıxış ediblər.
İnfosessiyada “Baker Hughes”un qlobal fəaliyyəti, strategiyası, Azərbaycandakı əməliyyatları, “The Energy Equation” konsepsiyası, transformasiya, rəqəmsallaşma və yeni enerji istiqamətləri haqqında məlumat verilib.
İnfosessiyada gənc mühəndislər üçün texniki təlimləri və sahə təcrübəsini birləşdirən “LEAD Field Engineer Program” proqramı və onun təqdim etdiyi karyera imkanları haqqında da məlumat verilib.
OFSE istiqaməti üzrə təqdimatda quyunun kəşfiyyatından hasilatın dayandırılmasına qədər tətbiq olunan xidmət və texnologiyalar haqqında məlumat verilib. Qazma, sementləmə, quyu bütövlüyü, süni qaldırma sistemləri və enerji məsləhət xidmətlərinin əməliyyatların səmərəliliyinin artırılmasındakı rolu izah olunub.
Digər təqdimatlarda isə şirkətin rəqəmsallaşma həlləri, sualtı sistemləri, boru kəmərləri xidmətləri və sənaye avadanlıqlarının monitorinqi barədə danışılıb. Həmçinin kibertəhlükəsizlik texnologiyaları və istehsal proseslərinin daha səmərəli idarə olunması imkanları diqqətə çatdırılıb.
İnfosessiya interaktiv formatda davam edib. Mütəxəssislər öz çıxışlarında təqdim etdikləri mövzulara uyğun suallar ünvanlayıb, sualları düzgün və dolğun cavablandıran tələbələrə hədiyyələr təqdim ediblər. Bu yanaşma tələbələrin müzakirələrdə fəal iştirakını təşviq edib, onların şirkətin fəaliyyəti və texnologiyaları haqqında biliklərini yoxlamaq imkanı yaradıb.