2 həftə, 4 gün əvvəl
UFAZ-da 2024-2025-ci Tədris İlinin Yekunlarına dair Akademik Heyətlə Görüş

Azərbaycan-Fransız Universitetində rəhbərliklə müəllimlər arasındakı görüşdə Tədris Departamentinin müdir müavini Səmra Şiriyeva tərəfindən təqdimat keçirildi. Həm bakalavriat, həm də magistratura səviyyələrində payız və yaz semestrləri üzrə əldə olunan müvəffəqiyyət göstəricilərinə nəzər salındı. Fransa elmi laboratoriyalarında və Azərbaycandakı nüfuzlu sənaye müəssisələrində təcrübə keçən tələbələrlə bağlı məlumat verildi.
İnkişaf Şurasının 2-ci dəfə keçirilən və akademik heyət, sənaye liderləri, tələbə və məzunların da iştirak etdiyi 3 günlük iclasının yekunlarına nəzər salındı. Təqdimat zamanı 2025-2026-cı tədris ili üzrə bakalavr və magistr ixtisasları üzrə proqnozlar qeyd olundu.
UFAZ İnnovasiya Mərkəzi, Karyera Mərkəzi və Tədqiqat Departamentinin il ərzində təşkil etdiyi tədbirlərdən bəhs olundu. Kimya, proses və material elmlərinə həsr olunmuş UFAZ Beynəlxalq Konfransı 2025 ilə bağlı planlar diqqətə çatdırıldı. Azərbaycan-Fransız Universitetinin “Cotutelle” proqramı əsasında Fransada təhsil alan doktorantura tələbələrinin fəaliyyətinə nəzər yetirildi. Universitetin məzunlarının məşğulluq səviyyəsi, eyni zamanda akademik fəaliyyətinə davam edən tələbələr haqqında ən son statistika təqdim olundu.
Təqdimatın ardından UFAZ-ın Koordinatoru Jan-Mark Planeks çıxış edərək akademik göstəriciləri yüksək dəyərləndirdi. Jan-Mark Planeks akademik heyətin artırılması və metodologiyanın təkmilləşdirilməsi üzrə planlar olduğunu bildirdi. Süni intellektin həyatımızın hər sahəsinə dərindən nüfuz etdiyini vurğulayan Koordinator dəyişən zamanın yenilənən tələblərinə uyğun tədris praktikasının yaradılmasının əhəmiyyətindən danışdı. O, pedaqoji resursların yeniləndiyini, fransız müəllimlərin bu inteqrasiyanı mənimsədiyini və eyni təcrübənin UFAZ-da da tətbiqinə ehtiyac olduğunu dedi.
Tədbirin sonuncu hissəsində müəllimləri maraqlandıran məsələlər ətrafında sual-cavab sessiyası təşkil olundu.





