11 saat əvvəl
UFAZ-ADNSU laboratoriyasında yeni ICP-MS sistemi quraşdırılıb
Azərbaycan-Fransız Universiteti (UFAZ) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə analitik laboratoriyasında mühüm texnoloji yenilənmə həyata keçirilib. CEFOSCIA-nın üzvü, ICP-MS üzrə tanınmış mütəxəssis və UFAZ-ın dəvət olunmuş müəllimi Hüq Pokonun iştirakı ilə laboratoriyada yeni İnduktiv Cütləşmiş Plazma – Kütlə Spektrometriyası (ICP-MS) sistemi uğurla quraşdırılıb.
Yüksək dəqiqliyə malik olan bu cihaz iz elementlərinin olduqca aşağı konsentrasiyalarda aşkar edilməsi və kəmiyyət analizinin aparılmasına imkan verir. Bu texnologiya ətraf mühitin monitorinqi, suyun keyfiyyətinin qiymətləndirilməsi, enerji, materialşünaslıq və geokimya tədqiqatlarında həlledici rol oynayır. Sözügedən quraşdırılma UFAZ-ın "Su ehtiyatlarının idarəedilməsi" üzrə magistratura ixtisasını strateji baxımdan gücləndirməklə yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ASDEA) ilə mövcud əməkdaşlığı daha da dərinləşdirir. Xatırladaq ki, bu əməkdaşlığın tərkib hissəsi kimi, bir müddət əvvəl UFAZ-da Azərbaycanın su ehtiyatlarının idarə olunmasına dair geniş tərkibli panel müzakirəsi də keçirilmişdi.
Yeni avadanlıq yaxın vaxtlarda həm doktorantura səviyyəsində elmi-tədqiqat layihələrinə cəlb ediləcək, həm də "Su ehtiyatlarının idarəedilməsi" ixtisası üzrə təhsil alan magistr tələbələrinin praktik təlim və tədqiqat fəaliyyətlərinin əsasını təşkil edəcək. Universitetin əsas hədəfi elmi-tədqiqat proqramları vasitəsilə ən müasir avadanlıqların laboratoriya infrastrukturuna cəlb edilməsini təmin etməkdir. Bu qabaqcıl texniki baza tədrisin və praktik məşğələlərin məzmununu müasir elmin tələblərinə uyğunlaşdırır.
Beləliklə, magistr pilləsində təhsil alan tələbələr nəzəri biliklərlə kifayətlənməyib, real tədqiqat çağırışları və mürəkkəb elmi problemlərlə birbaşa təmasda olaraq yüksək ixtisaslı mütəxəssis kimi yetişirlər. Bu proses həm də dövlət qurumları və özəl sektor ilə strateji tərəfdaşlığı daha da möhkəmləndirir.
Tezliklə laboratoriya heyəti üçün xüsusi təlimlərin keçirilməsi və paralel olaraqMaye Xromatoqrafiyası – Kütlə Spektrometriyası (LC-MS) sisteminin tam istifadəyə verilməsi planlaşdırılır. LC-MS sistemi mürəkkəb üzvi molekulların, xüsusilə su çirkləndiricilərinin analizi və ekoloji monitorinq imkanlarını daha da genişləndirəcək.
Proses zamanı göstərdikləri peşəkarlığa görə Hüq Poko və Maksim Florent (Maxime Florent), həmçinin UFAZ-ın laboratoriya əməkdaşları və texniki heyətinə dərin təşəkkürümüzü bildiririk.