18 saat əvvəl
Strasburqda UFAZ-ın Rəhbər Komitəsinin Növbəti İclası Keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyəti Strasburq Universitetində keçirilən UFAZ Rəhbər Komitəsinin iclasında iştirak edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov 26-27 iyun tarixlərində Strasburq Universitetinə (UNISTRA) səfər edib. Səfərin əsas məqsədi Azərbaycan-Fransız Universitetinin (UFAZ) Rəhbər Komitəsinin növbəti iclasında iştirak etmək olub.
Səfərdə rektoru ADNSU-nun prorektoru, dosent Vazeh Əsgərov, UFAZ-ın icraçı direktoru Lətifə Nəsibova və UFAZ-ın baş katibi Martin Qodon müşayiət ediblər. İki gün davam edən proqram çərçivəsində nümayəndə heyəti Strasburq Universitetinin qabaqcıl tədqiqat institutlarına baş çəkib.
İyunun 26-da nümayəndə heyəti ICPEES, ICS və IPCMS kimi tanınmış tədqiqat mərkəzlərini ziyarət edərək materialşünaslıq, polimer kimyası, analitik kimya və nanotexnologiyalar sahəsində müasir tədqiqat infrastrukturu ilə tanış olublar. İyunun 27-də universitetin Analitik Kimya Platforması, Məlumat Mərkəzi və ISIS İnstitutu ilə tanışlıq reallaşıb.
ADNSU rektoru Rüfət Əzizov və Strasburq Universitetinin prezidenti, professor Frederik Berrodun həmsədrliyi ilə keçirilən UFAZ Rəhbər Komitəsinin iclasında hər iki tərəfdən idarə heyətinin üzvləri iştirak ediblər. İclas zamanı UFAZ-ın təhsil və tədqiqat sahəsində ikitərəfli idarəetmə modeli və mövcud layihələrinin həyata keçirilməsi müzakirə olunub.










