2 həftə əvvəl
Tələbələrimiz I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak ediblər

Azərbaycan-Fransız Universitetinin tələbələri 22-23 sentyabr tarixlərində Bakıda keçirilən l Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak ediblər. İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə baş tutan forum dövlət rəsmilərini, beynəlxalq investorları və biznes liderlərini bir araya gətirərək qlobal ticarətin gələcəyi, dayanıqlı təchizat zəncirləri və regional əməkdaşlıq mövzularında geniş müzakirələr üçün platforma rolunu oynayıb.
Forum çərçivəsində UFAZ tələbələri – “Kompüter elmləri” ixtisasında təhsil alan Fəridə Orucova və İsmayıl Yusifli də innovativ ideyaları ilə çıxış edərək beynəlxalq auditoriyanın diqqətini cəlb ediblər. Onların təqdim etdiyi ‘Guardian-X’ startapı Azərbaycan fermerləri üçün nəzərdə tutulub, çoxdilli interfeysə malikdir, ekoloji baxımdan dost yanaşma təklif edir və uzaqdan zərərvericilərin monitorinqi ilə bitki mühafizəsini təmin edir. Sistem süni intellektlə dəstəklənən ağıllı detektorlar vasitəsilə zərərvericiləri vaxtında aşkarlayır, fermerlərə SMS və mobil tətbiq üzərindən xəbərdarlıqlar göndərir və məhsulun qorunması üçün optimal tədbirlər təqvimi təklif edir.
Hazırda “Guardian-X” layihəsi Xaçmaz rayonunda sahədə sınaqdan keçirilir və ilk nəticələr fermerlər tərəfindən müsbət qarşılanır. Tələbələrin hazırladığı bu həll kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, pestisidlərin düzgün və ekoloji dayanıqlı şəkildə tətbiqinə şərait yaradır.
Belə təşəbbüslər UFAZ tələbələrinə startap ekosistemini tanımaq və kənd təsərrüfatında rəqəmsal və yaşıl transformasiya bacarıqlarını artırmaq imkanı verir. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!








