1 həftə, 2 gün əvvəl
UFAZ-da Akademiya və Sənaye Nümayəndələrinin İştirakı ilə Panel Müzakirəsi Baş Tutdu

İyunun 5-də UFAZ-da sənaye peşəkarları və tədqiqatçı alimlərin iştirakı ilə “İnkişaf etmiş materiallar və proses mühəndisliyi vasitəsilə sənaye çağırışlarının həlli” mövzusunda panel diskussiyası keçirildi. Tədbirdə akademik sahəni Sinqapur Milli Universitetindən Siram Ramakrişna, Yaponiyanın Oyakama Universitetindən Tsutomu Ono və Fransanın Strasburq Universitetindən Kristof Serra, sənaye sahəsini isə “SOCAR Polymer”dən neft-kimya mühəndisi Sevinc İsmayılova, “Holcim”in Yol infrastrukturu üzrə mütəxəssisi İlqar Abdullayev, Həll və məhsullar üzrə keyfiyyət meneceri Zeynəb Kazan və bp-nin Proses və proses təhlükəsizliyi intizam rəhbəri Namiq Süleymanov təmsil etdi.
Tədbirin əvvəlində UFAZ-ın Baş katibi Martin Qodon bütün qonaqları salamladı. Neft-qaz və kimya mühəndisliyi sahələri üzrə mütəxəssis İqor Nəsirovun moderatorluq etdiyi panel diskussiyası qonaqların təqdim olunması ilə başladı. Daha sonra tədbirin moderatoru əksəriyyəti tələbə və gənc tədqiqatçıdan ibarət olan auditoriyaya müraciət edərək müzakirələrdən gözləntilərini soruşdu. Auditoriya fikirlərini bildirdikdən sonra söz panel iştirakçılarına verildi.
Professor Seram Ramakrişna müasir dövrün əsas çağırışları arasında süni intellektin rolunu xüsusi vurğuladı və sənayenin də buna uyğun formalaşdığını qeyd etdi. Akademiya ilə sənaye arasında əməkdaşlıqdan bəhs olunduqda isə elm adamlarının həll yolları təklif etdiyini, sənayenin isə bu metodları reallaşdırdığına diqqət çəkdi.
Müzakirə mövzularından digəri dekarbonizasiya prosesinin hədəfləri, effektivliyi və icra mexanizmləri oldu. Kristof Serra dekarbonizasiyaya müasir töhfələrin, İlqar Abdullayev isə prosesin avtomatlaşmasının əhəmiyyətini vurğuladı. İlqar Abdullayev karbonsuz material istehsalı, emissiyaların həcminin hesablanması, eyni zamanda bu sahə üzrə peşəkar kadrların yetişdirilməsi məsələsinə də toxundu.
Ekoloji təmiz məhsullardan bəhs edilərkən Siram Ramakrişna təkrar emal prosesinin sonsuz şəkildə davam etmədiyini, müəyyən mərhələlərdən sonra qalıq tullantıların meydana gəldiyini bir daha xatırlatdı. O, sənayedə keyfiyyətli işin təmin olunmasının akademik səviyyədən başladığını bildirdi. O, Sinqapur nümunəsindən çıxış edərək ölkəsindəki sənaye müəssisələrinin təhsil ocaqlarına sərmayə yatırdığını və peşəkar kadrların formalaşdırılmasına dəstək verdiyini qeyd etdi.
Tsutomu Ono ölkəsinin sənaye sahələrindəki uğurlarını gərgin rəqabət mühitinin mövcud olması ilə əlaqələndirdi. Xüsusən avtomobil istehsalından bəhs edən professor məhz bu sayədə həm peşəkarların cəlb edildiyini, həm də şirkətlərin təsir dairəsinin genişləndiyini vurğuladı. O, həm də mütəxəssis üçün bacarığın ən təsirli silah olduğunu qeyd etdi.
Namiq Süleymanov dekarbonizasiya, təkrar emal və bərpaolunan enerji sistemlərindəki yüksək qiymətə malik texnologiyalarla bağlı aktual məsələlərə toxundu. O, texniki təkmilləşdirmə üçün gənclərin öz ideyalarını təqdim etməsinin olduqca əhəmiyyətli olduğundan bəhs etdi.
İlqar Abdullayev isə birgə öyrənmənin, təhsillə sənaye əməkdaşlığının, sahə səfərlərinin, istehsal müəssisələrindəki proseslərə şahidlik etməyin vacib olduğunu dedi. Məsələ ilə əlaqədar olaraq tələbələr həyata keçirdikləri sahə səfərlərindən bəhs etdilər.
Sonda tələbələr üçün beynəlxalq və lokal səviyyədə professional və akademik karyera perspektivlərindən bəhs olundu, mütəxəssislərin məsləhətləri dinlənildi.





