5 gün, 6 saat əvvəl
AIDT 2026 konfransı çərçivəsində süni intellektin tətbiqinə dair panel müzakirəsi keçirilib
Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən “Rəqəmsal transformasiyalarda süni intellektin rolu” (AIDT 2026) beynəlxalq konfransı çərçivəsində “Etibardan təsirə: Sənaye və akademiyanın süni intellekt əsaslı rəqəmsal transformasiyanın inkişafına təsiri” mövzusunda panel müzakirəsi təşkil olunub.
Paneldə konfransın sponsoru olan Azərbaycan Beynəlxalq Bankının (ABB) data və süni intellekt üzrə direktoru Maya Dursunova, “IMC Krems” Tətbiqi Elmlər Universitetinin Rəqəmsallaşma İnstitutunun rəhbəri və AIDT 2026-nın əsas məruzəçilərindən Dipak Dunqana, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş informasiya təhlükəsizliyi direktoru, “OIC-CERT” İdarə Heyətinin üzvü Tural Məmmədov və “Azercell Telecom”un data elmi üzrə ekspert və süni intellekt üzrə arxitektor Süleyman Süleymanzadə iştirak ediblər. Müzakirəyə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) elm və innovasiyalar üzrə prorektoru Elviz İsmayılov moderatorluq edib.
Panel müzakirəsi üç əsas istiqaməti əhatə edib: süni intellekt layihələrinin genişmiqyaslı tətbiqi və qarşıya çıxan çətinliklər, etibarlı və məsuliyyətli süni intellekt idarəçiliyi, eləcə də gələcəyin süni intellekt ekosisteminin formalaşdırılması.
Müzakirələr zamanı ekspertlər bankçılıq, telekommunikasiya və dövlət sektorlarında süni intellekt layihələrinin pilot mərhələdən geniş tətbiqə keçirilməsi zamanı qarşılaşılan texniki, təşkilati və tənzimləyici problemləri təhlil ediblər. Bildirilib ki, süni intellektdən maksimum fayda əldə etmək üçün texnologiyanın tətbiqi ilə yanaşı, məlumatların keyfiyyəti, idarəetmə mexanizmləri və insan kapitalının inkişafı da mühüm əhəmiyyət daşıyır.
Panel iştirakçıları həmçinin süni intellektə etimadın formalaşdırılması, şəffaflıq, təhlükəsizlik və etik prinsiplərin qorunması məsələlərinə toxunublar. Qeyd olunub ki, bu texnologiyanın uğurlu tətbiqi üçün innovasiya ilə təhlükəsizlik və normativ tələblər arasında balansın qorunması vacibdir. Bu kontekstdə beynəlxalq əməkdaşlığın və müxtəlif ölkələr arasında vahid yanaşmaların formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Müzakirələrin digər mühüm mövzusu isə süni intellekt sahəsində insan resurslarının hazırlanması və universitet-sənaye əməkdaşlığının gücləndirilməsi olub. Ekspertlər süni intellekt üzrə ixtisaslı mütəxəssislərə tələbatın artdığını qeyd edərək, universitetlər, şirkətlər və dövlət qurumları arasında əməkdaşlığın süni intellekt ekosisteminin inkişafında əsas rol oynadığını bildiriblər.
Panelin yekununda iştirakçılar Azərbaycanın qarşıdakı beş il ərzində süni intellekt sahəsində daha güclü mövqe tutması üçün prioritet istiqamətlər barədə fikirlərini bölüşüblər.