21 saat əvvəl
UFAZ-da materialşünaslıq və hidrogen texnologiyalarına həsr olunmuş tədqiqat seminarı keçirilib
Sentyabrın 16-da Azərbaycan-Fransız Universitetində (UFAZ) materialşünaslıq və hidrogen texnologiyaları sahəsində aparılan elmi araşdırmalara həsr olunmuş növbəti tədqiqat seminarı keçirilib.
Seminarda UFAZ-ın “Kimya mühəndisliyi” ixtisası üzrə məzunu, hazırda Şeffild Universitetində “Materialşünaslıq və mühəndislik” ixtisası üzrə doktorantura təhsili alan Nurəddin Hüseynov “Polad üçün hidrogen baryeri kimi kommersiya natrium silikat örtüklərinin hazırlanması” mövzusunda tədqiqat nəticələrini təqdim edib.
Tədqiqat hidrogenin polad materiallardan keçməsinin qarşısını almaq məqsədilə aşağıbüdcəli və qeyri-üzvi örtük materialı kimi kommersiya natrium silikat məhlulunun polad səthlərə tətbiqi və bərkidilməsi prosesinə həsr olunub. Araşdırma çərçivəsində örtüklərin səthi əhatə etməsi, polada yapışması və bütövlüyünün qorunması baxımından müxtəlif tətbiq və bərkitmə üsulları müqayisə edilib.
Nəticələr göstərib ki, sobada bərkitmə zamanı örtük səthində büzülmə xətləri və çatlar yarana bildiyi halda, otaq temperaturunda hava şəraitində bərkitmə zamanı bu qüsurlar müşahidə olunmayıb. Fırça ilə tətbiq zamanı yaranan hava qabarcıqları isə “dip coating” üsulu ilə aradan qaldırılıb. “Dip coating” və “air curing” üsullarının birgə tətbiqi daha vahid və qüsursuz natrium silikat örtüklərinin hazırlanması baxımından perspektivli yanaşma kimi qiymətləndirilib.
Tədqiqatın növbəti mərhələsində örtüklərin hidrogen keçirməzliyinin qaz halında hidrogen keçiriciliyi sınaqları vasitəsilə qiymətləndirilməsi planlaşdırılır. Əldə olunacaq nəticələr əsasında emal proseslərinin optimallaşdırılması və örtüklərin mexaniki xüsusiyyətlərinin araşdırılması nəzərdə tutulur.