10 saat əvvəl
UFAZ-da struktur geologiyası üzrə tədqiqat seminarı keçirilib
Oktyabrın 29-da Azərbaycan-Fransız Universitetində (UFAZ) Aberdin Universitetinin fəxri professoru Robert Batlerin iştirakı ilə “Stratiqrafik çoxqatlı sistemlərdə paylanmış qırılmalar və qırılmaların inkişafı: interpretasiya zamanı qeyri-müəyyənlik və qərəzlilik problemləri” mövzusunda tədqiqat seminarı keçirilib.
Seminarda mürəkkəb geoloji quruluşa malik ərazilərdə Yer təkinin strukturunun öyrənilməsi və interpretasiyası zamanı yaranan qeyri-müəyyənliklər müzakirə olunub. Robert Batler xüsusilə seysmik təsvirlərin keyfiyyətinin geoloji interpretasiyaların dəqiqliyinə təsirindən, qırılma və qırışıqlıq sistemlərinin təhlilində istifadə olunan nəzəri modellərin məhdudiyyətlərindən bəhs edib. O, Kanada Kordilyerası, And dağları və Yura bölgəsindən nümunələr əsasında struktur geologiyasında interpretasiya fərqlərini və mümkün qərəzliliklərin nəticələrini izah edib.
Çıxış zamanı neft-qaz sənayesində yeraltı strukturların qiymətləndirilməsi üçün tətbiq olunan yanaşmaların geoloji saxlama layihələrində istifadəsi məsələsinə də toxunulub. Spiker bu cür layihələrdə qeyri-müəyyənliyin düzgün qiymətləndirilməsinin və risklərin idarə olunmasının vacibliyini vurğulayıb. O, həmçinin geoloji interpretasiyada fərqli yanaşmaların nəzərə alınmasının daha əsaslandırılmış nəticələr əldə etmək baxımından əhəmiyyətini qeyd edib.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb. Daha sonra spiker tərəfindən ünvanlanan suala ən dolğun cavab verən iştirakçıya hədiyyə təqdim olunub. Tədbir iştirakçılar arasında fikir mübadiləsi və yeni peşəkar əlaqələrin qurulmasına imkan yaradan şəbəkələşmə sessiyası ilə davam edib.