1 gün, 16 saat əvvəl
UFAZ Məzununun Elmi Məqaləsi “Crystal Growth & Design” Jurnalında Dərc Olundu

UFAZ-ın məzunu Könül Bəşirovanın “Zeolit kristal tərkibi və morfologiyasının biotibbi tətbiqlər üçün tənzimlənməsi” adlı elmi məqaləsi nüfuzlu “Crystal Growth & Design” jurnalında dərc olunub.
Ötən il Könül Bəşirova Fransada beş ay davam edən tədqiqat təcrübə proqramında iştirak edib. O, təcrübəsini Rouen Normandiya Universitetinin Polimerlər, Biopolimerlər və Səthlər Laboratoriyasında (PBS, UMR CNRS 6270) və Strasburq Universiteti – ECPM-in ICPEES laboratoriyasında (UMR 7515 CNRS) keçib.
Təcrübə müddətində o, zeolit kristallarının morfologiyasının səhiyyə sahəsindəki tətbiqlərə təsirini araşdıran bir layihəyə töhfə verib. Layihənin əsas məqsədlərindən biri kristal forması və ölçüsünün əhəmiyyətini önə çəkmək və bu sahədəki aparıcı tədqiqatları nəzərdən keçirməklə yeni məsaməli materialların hazırlanmasında tədqiqatçılara dəstək verməkdir.
Tədqiqatın başlanğıc mərhələsində diqqət biotibbi sahədə istifadə olunan yeni tətbiqlərə yönəldilib. Xüsusilə, LTA tipli zeolitlərin kristal ölçüsü, morfologiyası və silikon/alüminium nisbətinin dəqiq tənzimlənməsi ilə onların dərman daşıyıcı sistemlərində və digər müalicəvi sahələrdə potensial istifadəsi araşdırılıb.
Könül Bəşirovanın bu layihəyə verdiyi töhfə məqalənin nüfuzlu elmi jurnalda dərc olunmasına səbəb olub. Bu təcrübə ona materiallar kimyası, kristalloqrafiya və kimya ilə biotibbi mühəndislik arasında kəsişən sahələrdə praktik bilik və bacarıqlar qazandırıb.