9 saat əvvəl
UFAZ tələbələri üçün SLB mütəxəssisinin iştirakı ilə karyera təlimi keçirilib
Oktyabrın 7-də Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələrin karyera başlanğıcına daha yaxşı hazırlaşmasına həsr olunmuş təlim keçirilib. Təlimi SLB şirkətində istedadların cəlbi üzrə menecer vəzifəsində çalışan Anuar Samarbayev aparıb.
Təlim zamanı tələbələrə iş axtarışı və işə qəbul prosesinin müxtəlif mərhələləri barədə praktik məlumat verilib. SLB-nin təcrübəsi əsasında iş elanlarının hazırlanması və vakansiya tələbləri, işəgötürmə prosesində tətbiq olunan yanaşmalar, CV-lərin dəyərləndirilməsi prinsipləri və müsahibə mərhələsinin təşkili barədə danışılıb.
Sessiyada həmçinin tələbələrin yeni iş mühitinə uyğunlaşması, iş öhdəliklərinə alışma və karyeranın ilk mərhələsində qarşılaşa biləcəkləri məqamlar müzakirə olunub. Tələbələr onları maraqlandıran sualları təlimçi ilə bölüşərək işə qəbul və karyera başlanğıcı ilə bağlı ətraflı cavablar alıblar.
Təlimin növbəti hissəsində tələbələrin real CV-ləri üzərində işlənilib. Anuar Samarbayev CV-ləri işəgötürən perspektivindən dəyərləndirib, onların güclü və inkişaf etdirilməli tərəfləri ilə bağlı fərdi tövsiyələrini bölüşüb.
Təlim tələbələrə işə qəbul prosesinin işəgötürən tərəfdən necə qiymətləndirildiyini daha yaxından anlamaq, CV-lərini təkmilləşdirmək və gələcək müsahibələrə daha hazırlıqlı olmaq imkanı yaradıb.