11 saat əvvəl
The Future of University-Business Internships Discussed at UFAZ
Fevralın 25-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) və UFAZ-ın birgə təşkilatçılığı ilə təcrübə proqramlarına həsr olunmuş genişmiqyaslı tədbir keçirilib. Görüşdə təhsil ekspertləri, İR mütəxəssisləri, biznes nümayəndələri, tələbə və məzunlar bir araya gələrək müasir əmək bazarının tələblərini və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Tədbirin rəsmi açılış hissəsində UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və universitetin baş katibi Dr. Martin Qodon çıxış edərək akademik biliklərin iş mühitində tətbiqinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, təcrübə proqramları təkcə tələbələrin peşəkar inkişafı üçün deyil, həm də universitetlərlə biznes dünyası arasındakı uçurumun aradan qaldırılması üçün ən effektiv vasitədir.
“AFchamber”in icraçı direktoru Zakir Soltanovun moderatorluğu ilə davam edən tədbir tərəflər arasında açıq dialoqun qurulmasına şərait yaradıb. "Təcrübə proqramları akademiya və biznes arasında strateji əlaqə kimi" adlı panel müzakirəsində UFAZ-ın Tədris şöbəsinin rəhbəri Səmra Şiriyeva, SLB şirkətinin İR meneceri Səbinə Tağıyeva və “Azərbaycan Dəmir Yolları” QSC-nin istedadların cəlb edilməsi üzrə baş mütəxəssisi İzzət Misirxanova iştirak ediblər. Panelistlər təcrübə proqramlarının dizayn edilməsi, işəgötürənlərin gözləntiləri və mentorluq təcrübəsinin gücləndirilməsi kimi vacib məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Çıxışlarda vurğulanıb ki, uğurlu təcrübə proqramı həm şirkətin ehtiyaclarına cavab verməli, həm də tələbə üçün real iş mühitində dəyər qazanmaq imkanı yaratmalıdır.
Tədbirin "Uğur hekayələri" bölməsində UFAZ-ın məzunları – hazırda "McKinsey" şirkətində biznes analitiki kimi çalışan Ləman Cəlilova və Milan Politexnik Universitetinin doktorantı Ramiz Hüseynzadə öz təcrübələrini bölüşüblər. Məzunlar keçdikləri təcrübə proqramlarının onların beynəlxalq karyera və akademik yolundakı həlledici rolundan bəhs edərək tələbələrə praktiki tövsiyələr veriblər.
Daha sonra təsirli təcrübə proqramlarının dizaynı, akademiya və biznes gözləntilərinin uyğunlaşdırılması, habelə mentorluq təcrübələri mövzularında interaktiv dəyirmi masa təşkil edilib. Tədbirin sonunda müzakirələrin nəticələri praktik tövsiyələr halında təqdim olunub. Bu təkliflərin gələcəkdə həm ali təhsil müəssisələri, həm də özəl sektor tərəfindən tətbiq edilməsi nəzərdə tutulur.