2 gün, 2 saat əvvəl

Dövlət Məşğulluq Agentliyi UFAZ və ADNSU Tələbələri üçün Fərdi Konsultasiyalar Keçirdi

dma konsultasiya 1

Tələbələrin daha yüksək akademik fəaliyyət və peşəkar karyeraya hazırlanması məqsədilə UFAZ-da Dövlət Məşğulluq Agentliyinin mütəxəssislərinin səyyar konsultasiyaları baş tutdu. Konsultasiyalar vasitəsilə gənclərin peşə biliklərinin praktik tətbiqinə təkan verməyi hədəfləyən karyera məsləhətçiləri – Mikayıl Tağıyev və Nərgiz Bayramova bir gün ərzində 15 tələbəni qəbul etdilər.

Həm bakalavr, həm də magistratura səviyyələrində təhsil alanları əhatə edən proses Dövlət Məşğulluq Agentliyinin "Alo Karyera" dəstək xidməti çərçivəsində reallaşdı. Fərdi konsultasiyaların keçirilməsində məqsəd iştirakçıların məşğulluq istiqamətindəki suallarını cavablandırmaq idi.

Fərdi konsultasiyalar aşağıdakı istiqamətləri əhatə etdi:

  • Düzgün karyera planlaması;
  • Əmək bazarının tələbləri və araşdırılması;
  • İş axtarışı;
  • CV və motivasiya məktubunun hazırlanması;
  • İş müsahibəsinə hazırlıq.

Hər biri 25-30 dəqiqə davam edən peşəkar məsləhətləşmələr tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirərək onların karyera qayğılarını aradan qaldırdı. İştirakçılar ilk növbədə uğurlu karyeraya sahib olmaq üçün lazımi strateji yanaşmalarla tanış olub peşəkar planlaşdırma üsullarına yiyələndilər. Əmək bazarındakı cari trendlərin izlənilməsi, eyni zamanda tələblərlə bağlı məlumatların toplanılması da müzakirə predmeti oldu.

Uyğun pozisiyaların müəyyənləşdirilməsi, iş axtarmaq üçün ən uyğun mənbə və effektiv üsullar barədə dərin məlumat verildi. İşaxtaranları ən çox maraqlandıran məsələlərdən olan uğurlu CV-nin hazırlanması, öz bilik və bacarıqlarının dolğun, eyni zamanda müraciət edilən vakansiyaya uyğun təqdim edilməsi məsələlərinə də toxunuldu.

Tələbələri ən çox düşündürən məqamlardan olan müsahibə mərhələsi haqqında dolğun informasiyanın çatdırılmasına da diqqət yetirildi. Tələbələrə iş müsahibəsində nəzərə alınmalı məqamlar, düzgün yanaşmalar, özünüifadə tərzinin inkişaf etdirilməsi barəsində biliklər aşılandı.

Fərdi konsultasiyalar UFAZ və ADNSU tələbələri üçün karyera planlaması baxımından xüsusi əhəmiyyətə malik oldu. Bu təşəbbüs sayəsində onlar iş həyatındakı ilk addımların düşünülmüş qaydada atılmasının həlledici olduğunu dərk etdilər.

dma konsultasiya  2
dma konsultasiya  3
dma konsultasiya  4
dma konsultasiya  5
dma konsultasiya  6