1 il, 6 ay əvvəl

UFAZ-da Mövsüm bəy Xanlarov adına təqaüdün qalibləri seçilib

DSC_1016_2

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri üçün Mövsüm bəy Xanlarov adına təqaüdün bu ilki qalibləri müəyyən olunub.

Bakalavr və magistratura pilləsində təhsil alan ümumilikdə 21 nəfər UFAZ tələbəsi Mövsüm bəy Xanlarov adına təqaüdün qalibi seçilib.

Tələbələri həvəsləndirmək və onlara maddi yardımın göstərilməsi məqsədilə verilən təqaüd qaliblərini Strasburq Universitetinin (UNİSTRA) münsiflər heyəti müəyyən edib. Seçim 2022/2023-cü tədris ilində hər ixtisas üzrə ən yaxşı nəticə göstərmiş tələbələr arasında aparılıb.

Mövsüm bəy Xanlarov 1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşında doktorluq dissertasiyasını uğurla müdafiə edərək, müasir dillə desək, kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. Məhz bu səbəbdən UFAZ-da Strasburq Universitetində doktorluq adını qazanmış ilk azərbaycanlı olan Mövsüm bəy Xanlarov adına təqaüd 2019-cu ildən təsis edilmişdir.

Mövsüm bəy Xanlarov adına təqaüdün məbləği bakalavr səviyyəsi üçün 130 manat, magistratura səviyyəsi üçün isə 150 manatdır. Təqaüd 1 iyul 2023-cü ildən 1 yanvar 2024-cü il tarixinədək olan müddəti əhatə edəcək. Təqaüdün ödənilməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Mövsüm bəy Xanlarov təqaüdünün təyin olunması tələbələrin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər təqaüdləri almaq hüququnu istisna etmir.