5 gün, 23 saat əvvəl

Tədris Proqramlarının Təkmilləşdirilməsi Məqsədilə UFAZ-ın İnkişaf Şurasının Üçgünlük İclası Baş Tutdu

dev council 1

Azərbaycan-Fransız Universiteti (UFAZ) Strasburq Universiteti (Unistra) ilə əməkdaşlıq çərçivəsində 2025-ci il, aprelin 22-24-də Kimya mühəndisliyi, Kompüter elmləri və Yer elmləri proqramlarının qiymətləndirilməsi və inkişafı məqsədilə İnkişaf Şurasının üçgünlük iclasını təşkil etdi.

İnkişaf Şurasının ikinci dəfə baş tutan iclasları hibrid formada həm Bakı, həm də Strasburqdakı müəllim heyəti, proqram rəhbərləri, sənaye tərəfdaşları, məzun və tələbələri bir araya gətirdi. Görüşlərin məqsədi UFAZ proqramlarının beynəlxalq standartlara və sənaye tələblərinə uyğunluğunu dəyərləndirmək, tələbələrin gələcək karyerası üçün yeni dəstək yolları müəyyənləşdirmək idi.

İlk gün Kimya mühəndisliyinə həsr olundu. Bu sessiyada proqramın tədris planı, tələbələrin nəticələri və məzunların əmək bazarındakı göstəriciləri nəzərdən keçirildi. Görüş UFAZ-ın direktoru vəzifəsini icra edən Lətifə Nəsibova, baş katib Martin Qodon və UFAZ-ın əməliyyat meneceri Yannick Hoaraunun açılış nitqləri ilə başladı.

Proqram rəhbərləri Christophe Serra, Frédéric Melin, Aline Maisse, Kimya mühəndisliyi departamentinin koordinatoru Maxime Florent və Tədris departamentinin müdir müavini Səmra Şiriyeva proqramdakı son yeniliklər və akademik inkişafla bağlı təqdimatlar etdilər. Karyera Mərkəzinin koordinatoru Qənira Nəsibova məzunların məşğulluğu və əmək bazarının gələcək trendləri ilə bağlı məlumatları təqdim etdi.

“SOCAR Downstream”, “SOCAR Polymer”, “Holcim”, JOCAP və eiLink şirkətlərindən sənaye nümayəndələri tədris planının praktiki bacarıqlar, ünsiyyət və dayanıqlılıq sahələrində əmək bazarının tələblərinə uyğunlaşdırılması ilə bağlı rəy verdilər.

“McKinsey & Company”, SLB və “SOCAR Downstream” kimi şirkətlərdə çalışan məzunlar UFAZ təhsilinin onların karyerasına necə təsir etdiyini bölüşərək ikili diplomun, iki dilli təhsilin və tədqiqat əsaslı öyrənmənin əhəmiyyətini vurğuladılar.

İkinci gün UFAZ-da ən sürətlə inkişaf edən sahələrdən biri olan Kompüter elmləri proqramına fokuslandı. Açılış nitqlərindən sonra proqram rəhbərləri Cecilia Zanni Merk, Stephane Genaud və Samer El Zant, proqram koordinatoru Nahla El Kadhi son yeniliklər, o cümlədən yeni proqram strukturları və tədrisdə müasir texnologiyalardan istifadə ilə bağlı təqdimat etdilər.

“Azercell” və JOCAP kimi aparıcı şirkətlərin nümayəndələri yeni əməkdaşlarda süni intellekt, bulud texnologiyaları, data elmi və kibertəhlükəsizlik sahələri üzrə hansı bacarıqları axtardıqlarını bölüşdülər.

Məzunlar UFAZ-da təhsil almağın onları beynəlxalq iş mühitinə necə hazırladığını izah etdilər. Tələbələr də müzakirəyə qoşularaq praktiki öyrənmə, akademik dəstək və karyeraya hazırlıqla bağlı fikirlərini bölüşdülər.

İclasın üçüncü günü Yer elmlərinə, xüsusən də Geofizika və Geologiya proqramlarına həsr olundu. Proqram rəhbərləri Damien Lemarchand və Guilherme Bozetti, həmçinin proqram koordinatorları Lucas Bofill, Fidan Aslanzada və Arzu Aliyeva son yenilikləri, o cümlədən dayanıqlılıq və iqlimlə bağlı mövzulara artan diqqətlə əlaqədar təqdimat etdilər.

“Azercosmos”, SOCAR, “Sustainera” və JOCAP şirkətlərindən olan sənaye ekspertləri proqramın uzaqdan zondlama, coğrafi informasiya sistemləri və enerji keçidi sahələrində praktik tətbiqlərini qiymətləndiriblər. Onlar həmçinin tələbələrin sənayedə və ətraf mühit tədqiqatlarında uğur qazanması üçün daha yaxşı hazırlanması ilə bağlı fikir mübadiləsi apardılar.

“Total Energies” kimi şirkətlərdə çalışan məzunlar, eləcə də tələbələr proqramın onların akademik və peşəkar inkişafına necə təsir etdiyini bölüşərək müzakirəyə töhfə verdilər.

Hər görüşdə tədris planındakı yeniliklər, tədris və öyrənmə resurslarının keyfiyyəti, laboratoriya və rəqəmsal infrastruktur, sənaye ilə əlaqələr, eləcə də karyera dəstəyi və təcrübə imkanları ətraflı şəkildə nəzərdən keçirildi.

Sessiyaların sonunda gələcək təkmilləşdirmələr üzrə konkret fəaliyyət planları razılaşdırıldı. Məqsəd isə UFAZ tələbələrinin beynəlxalq səviyyəli karyera və akademik fəaliyyət üçün hazırlığını təmin etməkdir.

dev council 2
dev council 3
dev council  4
dev council  5
dev council  6
dev council  7
dev council  8
dev council  9
dev council  10
dev council  12
dev council  14
dev council  15