9 saat əvvəl
UFAZ-ın üç tələbəsi “Əlaçı” Təqaüd Proqramının qalibləri sırasında yer alıb
Azərbaycan-Fransız Universitetinin (UFAZ) üç tələbəsi “PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üzrə qalibi seçilib. Proqramın builki qalibləri arasında “Kompüter elmləri” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Məryəm Axundova, 4-cü kurs tələbələri Dmitri Kuramşin və İsmayıl Yusifli yer alıblar.
2022-ci ildə təsis edilən “Əlaçı” Təqaüd Proqramı istedadlı bakalavr tələbələrinin peşəkar və şəxsi inkişafına dəstək göstərməyi hədəfləyir. Proqram çərçivəsində 3 və 4-cü kurs tələbələrinə aylıq təqaüd verilir, eyni zamanda onların fərdi inkişafını və gələcək karyera imkanlarını dəstəkləyən müxtəlif tədbirlər həyata keçirilir.
Proqramın 2026-2027-ci tədris ili üzrə seçim mərhələsində 3000-dən çox tələbə iştirak edib. Onlardan 100 nəfər proqrama seçilərək qalib adını qazanıb.
Proqramın növbəti mərhələsində qalibləri üç aylıq şəxsi inkişaf marafonu, onlayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyaları, şəbəkələşmə görüşləri və “PAŞA Holding”, eləcə də “PAŞA Qrup” şirkətlərinin mütəxəssisləri ilə görüşlər gözləyir. Bu fəaliyyətlər tələbələrin yumşaq bacarıqlarının inkişafına, peşəkar əlaqələrinin genişlənməsinə və gələcək karyeralarına daha yaxşı hazırlaşmalarına imkan yaradacaq.
Tələbələri təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.