2 gün, 17 saat əvvəl

UFAZ-ın 2025-ci il məzunu İsveç İnstitutunun prestijli təqaüdünü qazanıb

thumbnail_Solo image

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisasından məzun olan Aqil Zəkəriya İsveçdə magistr təhsili almaq üçün “İsveç İnstitutunun Qlobal Peşəkarlar Təqaüd Proqramı” (SISGP) təqaüdünə layiq görülüb. Olduqca rəqabətli və tam maliyyələşmə təklif edən bu təqaüd liderlik potensialına malik, dayanıqlı inkişafa töhfə verməyə çalışan istedadlı peşəkarlar üçün nəzərdə tutulub.

Bu il Azərbaycandan yalnız 22 namizəd seçilib və Aqil Zəkəriya UFAZ-dan bu təqaüdə layiq görülən yeganə şəxsdir. Təqaüd təhsil haqqını tam qarşılayır və aylıq yaşayış xərclərini təmin edir. O həmçinin təqaüd sahibinə qlobal peşəkarlar şəbəkəsinə çıxış, mentorluq və peşəkar inkişaf imkanları təqdim edir.

Aqil Zəkəriya dünyanın “top 100” universiteti arasında yer alan İsveçin Kral Texnologiya İnstitutunda (KTH) “Texnologiyaya əsaslanan sahibkarlıq” magistr ixtisası üzrə təhsil alacaq. Onu bu uğuru münasibətilə təbrik edir və gələcək təhsilində və karyerasında uğurlar arzulayırıq.