5 gün, 7 saat əvvəl
UFAZ-ın Məzunu “EuPA 2025” Konfransında Tədqiqat Materialını Təqdim Edib

28 iyul – 1 avqust tarixlərində Fransanın Saint-Malo şəhərində Avropa Proteomika Assosiasiyasının (EuPA) təşkilatçılığı ilə “EuPA 2025” elmi konfransı baş tutub. Azərbaycan-Fransız Universitetinin “Kimya mühəndisliyi” ixtisası üzrə məzunu Türkan Nəbiyeva tədbirdə iştirak edərək doktorluq işinə dair poster təqdimatı ilə çıxış edib.
Türkan Nəbiyeva “Quş növlərinin hemoqlobin strukturunu açmaq üçün xromatoqrafik zaman miqyasında yerli kütlə spektrometriyası, ion hərəkətliliyi və toqquşma ilə bağlı açılma təcrübələrinin birləşdirilməsi” mövzusunda tədqiqat nəticələrini təqdim edib. Onun meydana qoyduğu innovativ yanaşma beynəlxalq elmi auditoriya tərəfindən maraqla qarşılanıb və müsbət rəylər alıb.
Qeyd edək ki, EuPA Konfransı Avropanın ən böyük və nüfuzlu proteomika tədbirlərindən biridir və proteomika sahəsində ən son elmi nailiyyətləri, texnologiyaları və tədqiqat nəticələrini bir araya gətirir. Builki tədbir proteomik analizlərin inkişafı, kütlə spektrometriyasının yeni yanaşmaları, biomarker axtarışları və struktur proteomika texnikaları mövzularına həsr olunub. Proqram çərçivəsində plenar məruzələr, poster sessiyaları, sürətli təqdimatlar və praktik seminarlar təşkil olunub.
Bu konfransın Türkan üçün də dəyərli bir elmi təcrübə olduğuna inanır və ona gələcək tədqiqat fəaliyyətində uğurlar arzulayırıq!