5 saat əvvəl

UFAZ-ın məzunu Sevil Veysəlova doktorluq dissertasiyasını uğurla müdafiə edib

sevil veysalova ufaz alumnaa phd 26 1

Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Sevil Veysəlova Fransanın Strasburq Universitetində (Unistra) doktorluq dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb.

Oktyabrın 23-də baş tutan müdafiədə Sevil Veysəlova “Biosensinq üçün hibrid şiral plazmonik strukturlar” mövzusunda tədqiqat işini təqdim edib. O, doktorantura tədqiqatlarını Strasburq Universitetinin Çarlz Sadron İnstitutunda Dr. Olivye Feliks və professor Matias Paulinin elmi rəhbərliyi altında aparıb.

Tədqiqat işi plazmonika, nanomateriallar, optik spektroskopiya və biosensinq sahələrini əhatə edib. Sevil Veysəlova öz araşdırmasında optik sensor platforması kimi öz-özünə formalaşan şiral plazmonik nazik təbəqələri tədqiq edib, refraksiya indeksinin real vaxt rejimində ölçülməsi, nazik təbəqələrin formalaşmasının izlənilməsi, eləcə də enantioselektiv sensor texnologiyaları və biotanıma prosesləri üzərində çalışıb.

Doktorantura müddətində müxtəlif elmi metod və texnikalar üzrə təcrübə qazanan Sevil Veysəlovanın tədqiqat nəticələri 2026-cı ildə “Small Science” elmi jurnalında dərc olunan “Real vaxt rejimində refraktiv indeksin ölçülməsi və nazik təbəqələrin formalaşmasının yerində monitorinqi üçün plazmonik şiral metasəthlər” adlı məqalədə də öz əksini tapıb. Bununla yanaşı, o, doktorantura təhsili müddətində polimer fizikası və termodinamika fənləri üzrə tədris fəaliyyəti ilə də məşğul olub.

Dr. Sevil Veysəlovanı bu mühüm akademik nailiyyəti münasibətilə təbrik edir, ona gələcək elmi və peşəkar fəaliyyətində uğurlar arzulayırıq!

sevil veysalova ufaz alumnaa phd 26 2