11 saat əvvəl

UFAZ-ın məzunu Şəbnəm Feyziyeva doktorluq dissertasiyasını uğurla müdafiə edib

shabnam feyziyeva phd defence 2

Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Şəbnəm Feyziyeva sentyabrın 30-da Strasburq Universitetində kimya elmləri üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru dərəcəsini əldə edib.

Şəbnəm Feyziyevanın “Metal-üzvi karkaslar (MOF-lar) və seolitlər vasitəsilə CO₂-in tutulması və çevrilməsi” adlı dissertasiya işi Strasburq Universitetinin ICPEES laboratoriyasında hazırlanıb. Tədqiqat prosesi Dr. Benua Luinin elmi rəhbərliyi altında həyata keçirib.

Tədqiqat karbon qazının (CO₂) tutulması və heterogen kataliz proseslərində metal-üzvi karkasların və seolitlərin tətbiq imkanlarının araşdırılmasına həsr olunub. İş çərçivəsində məsaməli materialların əlçatanlığı, aktiv mərkəzlərin xüsusiyyətləri, aktivləşdirmə şəraiti, rütubətin təsiri və materialların struktur sabitliyi kimi amillərin onların effektivliyinə təsiri öyrənilib.

Qeyd edək ki, Şəbnəm Feyziyevanın doktorantura təhsili “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində dəstəklənib. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi proqram Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) tərəfindən maliyyələşdirilib.

Dr. Şəbnəm Feyziyevanı bu mühüm elmi nailiyyəti münasibətilə təbrik edir, ona gələcək tədqiqatlarında və peşəkar fəaliyyətində uğurlar arzulayırıq!

shabnam feyziyeva phd defence 1