1 gün, 11 saat əvvəl
UFAZ məzununun layihəsi startap müsabiqəsində qalib gəlib
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kimya mühəndisliyi” ixtisası üzrə məzunu Səbinə Babayeva və komandasının hazırladığı “Volterra” layihəsi “IFP School”un İnnovasiya Mərkəzi tərəfindən təşkil olunmuş startap müsabiqəsində qalib gəlib.
Layihə ucqar kəndlərdə əhalinin elektrik enerjisinə əlçatanlığını artırmaq məqsədilə hazırlanıb. Enerji çatışmazlığı icmaların keyfiyyətli təhsil, nəqliyyat və kommunikasiya imkanlarını məhdudlaşdırır. “Volterra” isə yerli satıcılar vasitəsilə batareya dəyişdirmə xidmətini təqdim edərək problemə həll yolu gətirir.
“Volterra” satıcıların məhsullarını daşımaq üçün müntəzəm olaraq kəndlər və böyük şəhərlər arasında səfər etdiyini nəzərə alaraq, həll yolunu bu marşrutlara inteqrasiya edir. Yəni xüsusi “Volterra kilidli” batareyalar şəhərlərdəki enerji mərkəzlərində doldurulduqdan sonra satıcılar vasitəsilə birbaşa ucqar kənd sakinlərinə çatdırılır. İstifadədən sonra isə batareyalar yenidən mərkəzə gətirilir və proses davamlı olaraq təkrarlanır.
Yerlilər üçün bu, əlavə infrastruktur qurmadan sərfəli portativ batareyalardan istifadə imkanı yaradır. Satıcılar isə gündəlik qrafiklərini dəyişdirmədən əlavə gəlir əldə edirlər.
Laurent Fortinin mentorluğu ilə ərsəyə gələn layihə təklif etdiyi innovativ yanaşma sayəsində həm müsabiqədə fərqlənib, həm də tələbə və gənc sahibkarlar üçün ilham mənbəyi olub.
Səbinə Babayevanı bu uğuru münasibətilə təbrik edir, nailiyyətlərinin davamlı olmasını diləyirik.