bir saat əvvəl
UFAZ məzununun elmi məqaləsi beynəlxalq nüfuzlu jurnalda dərc olunub
Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu, kimya üzrə fəlsəfə doktoru Şəbnəm Feyziyevanın həmmüəllifi olduğu karbon qazının (CO₂) tutulması sahəsindəki elmi məqalə “Scopus” elmi bazasında Q1 kvartilinə daxil olan beynəlxalq “Chemical Communications” jurnalında dərc olunub.
Dr. Şəbnəm Feyziyeva məqaləni Strasburq Universitetindəki (Unistra) doktorantura tədqiqatına rəhbərlik etmiş doktor Benoît Louis ilə birgə hazırlayıb. “CO₂-in tutulmasının kimyəvi əsasları: amin, karbonat və ion mayesi sistemləri, eləcə də sonrakı çevrilmə üçün reaktiv sorbentlərin inkişafı” adlı məqalə karbon qazının tutulması üçün istifadə olunan material və kimyəvi sistemlərə dair mövcud elmi bilikləri ümumiləşdirərək onların imkanlarını və tətbiq zamanı qarşıya çıxan əsas çətinlikləri təhlil edir. İqlim dəyişikliyi ilə mübarizədə sənaye və digər mənbələrdən atmosferə buraxılan CO₂ emissiyalarının azaldılması mühüm əhəmiyyət daşıdığı üçün bu sahədə səmərəli və enerji baxımından əlverişli texnologiyaların inkişafı aktual elmi istiqamətlərdən biridir.
Məqalədə karbon qazının tutulmasında materialların kimyəvi xüsusiyyətlərinin, CO₂ ilə qarşılıqlı təsirinin və tutulmuş qazın sonradan ayrılması üçün tələb olunan enerjinin texnologiyanın səmərəliliyinə necə təsir etdiyi araşdırılır. Müəlliflər, həmçinin karbon qazının tutulması ilə onun sonrakı kimyəvi çevrilməsini eyni materialda birləşdirən ikifunksiyalı sistemlərin inkişaf perspektivlərinə diqqət yetirirlər.
Araşdırmanın əsas elmi məqamlarından biri karbon qazını effektiv şəkildə tutmaqla yanaşı, onu mümkün qədər az enerji sərf etməklə ayırmağa imkan verən materialların seçilməsi arasındakı tarazlıqdır. Müəlliflərin təhlili göstərir ki, bütün tətbiqlər üçün eyni dərəcədə uyğun olan universal material yoxdur. Buna görə də materialların seçimi onların xüsusiyyətləri və nəzərdə tutulan istifadə şəraiti nəzərə alınmaqla aparılmalıdır.
Keçid vasitəsilə məqalənin tam mətni ilə tanış ola bilərsiniz: https://pubs.rsc.org/cc/article/doi/10.1039/d6cc03966a/1367390/The-chemistry-of-CO2-capture-amine-carbonate-and