15 saat əvvəl
UFAZ məzunlarının tədqiqat nəticələri elmi məqalə kimi dərc olunub
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kimya mühəndisliyi” ixtisasının məzunları Raziyə Hüseynli, Kənan Müzəffərov, Fərid Kərimli və Cavidan Nəsirlinin buraxılış işi çərçivəsində apardığı tədqiqatların nəticələri “Processes of Petrochemistry and Oil Refining Journal” adlı nəşrdə işıq üzü görüb.
“Qarğıdalı və kartof nişastasından bioloji parçalana bilən polimerlərin sintezi və xarakteristikası” adlı tədqiqat işi UFAZ-ın kimya müəllimi və koordinatorları dos. Dünya Babanlı və Maksim Florentin elmi dəstəyi və istiqamətləndirməsi əsasında həyata keçirilib.
Tədqiqatda qarğıdalı və kartof nişastasından bioloji parçalana bilən polimer materialların hazırlanması və onların müxtəlif xüsusiyyətlərinin öyrənilməsi araşdırılıb. Tələbələr hazırladıqları materialların quruluşunu və xassələrini FTIR analizi, dartılma möhkəmliyi, suudma və bioloji parçalanma testləri vasitəsilə təhlil ediblər.
Layihənin maraqlı tərəflərindən biri müxtəlif tərkiblərin materialların xüsusiyyətlərinə təsirinin praktiki şəkildə müşahidə edilməsi olub. Belə ki, qliserin və kalsium karbonatın miqdarının dəyişdirilməsi materialların elastikliyinə və sərtliyinə təsir göstərib, kartof və qarğıdalı nişastasından hazırlanan nümunələr arasında da fərqli nəticələr müşahidə olunub.
Tədqiqat çərçivəsində materialların torpaqda bioloji parçalanması da öyrənilib. İki həftə ərzində nümunələrin üzərində göbələk artımının müşahidə edilməsi nişasta əsaslı materialların bioloji parçalanma potensialını göstərən nəticələrdən biri olub.
Məqalənin tam mətni ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://ppor.az/index.php/ppor/article/view/727