1 gün, 10 saat əvvəl
UFAZ məzunu Əli Məmmədov doktorluq disseratiyasını uğurla müdafiə edib
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisasının məzunu Əli Məmmədov 2025-ci ilin dekabr ayında Fransanın aparıcı ali təhsil və tədqiqat mərkəzlərindən biri olan Paris Politexnik İnstitutunda (Institut Polytechnique de Paris) fəlsəfə doktoru (PhD) elmi dərəcəsini qazanıb.
Əli Məmmədov doktorantura təhsilini Télécom Paris məktəbinin LTCI laboratoriyasında, Paris Politexnik İnstitutunun doktorantura məktəbi çərçivəsində, “Siqnal və təsvirlərin emalı, avtomatik idarəetmə və robototexnika” ixtisası üzrə alıb. Onun doktorluq tədqiqatı rəqəmsal patologiya sahəsində müasir maşın öyrənməsi yanaşmalarına, xüsusilə Sjögren sindromunun diaqnostikasına fokuslanıb.
Doktorluq araşdırmaları çərçivəsində Əli Məmmədov iriölçülü histopatoloji görüntülərin təhlili məqsədilə zəif nəzarətli öyrənmə, öz-özünə nəzarətli öyrənmə və çoxinstansiyalı öyrənmə metodlarını araşdırıb. Onun elmi işi tibbi süni intellekt sahəsində modellərin dayanıqlığı, təkrarlanma qabiliyyəti və klinik interpretasiyası kimi mühüm problemlərin həllinə töhfə verib. Tədqiqatın əsas nəticələri beynəlxalq resenziyalı elmi jurnallarda və konfranslarda dərc olunmuş üç əsas elmi töhfə kimi təqdim edilib.
Əli Məmmədovun tədqiqatının əsas elmi töhfələrindən biri göstərib ki, sadə instansiya əsaslı öyrənmə metodları, düzgün qurulmuş öz-özünə nəzarətli öyrənmə ilə birləşdirildikdə, mürəkkəb bütün-slayd modelləri ilə müqayisə edilə bilən səviyyədə və ya daha yaxşı nəticələr verə bilir. Başqa sözlə, ənənəvi, böyük və mürəkkəb modellərə ehtiyac olmadan, sadə və səmərəli üsullarla tibbi görüntülərdən əhəmiyyətli məlumat çıxarmaq mümkün olur. Bu yanaşma yüksək ayırdetməli histopatoloji görüntülərin daha tez, etibarlı və ölçülə bilən şəkildə təhlilinə imkan yaradır.
Digər mühüm töhfə zəif nəzarətli modellərin etibarlılığı və təkrarlanma qabiliyyəti ilə əlaqədardır. Əli Məmmədov bu modellərdə əhəmiyyətli performans dəyişkənliyi müəyyən edərək çoxsəviyyəli model birləşdirmə strategiyasını təklif edib. Bu yanaşma klinik istifadədə mühüm olan dayanıqlıq, etibarlılıq və sabitliyi əhəmiyyətli dərəcədə artırıb.
Üçüncü elmi töhfə isə kliniki interpretasiya oluna bilən süni intellekt sistemlərinin yaradılmasına yönəlib. Əli Məmmədov kliniki düşüncə tərzini əks etdirən, tam avtomatlaşdırılmış və izah edilə bilən histopatoloji analiz sistemi hazırlayıb. Bu isə Sjögren sindromunun etibarlı diaqnostikasına imkan yaradır və həkimlərlə süni intellekt sistemləri arasında etimadı gücləndirir.
Hazırda Əli Məmmədov “SeeHaptic” şirkətində kompüter görüntüləri üzrə tədqiqat mühəndisi vəzifəsində çalışır. O, görmə məlumatlarını toxunuşlu əks-əlaqəyə çevirən innovativ qavrayış sistemlərinin hazırlanmasında iştirak edir. Bu texnologiyalar görmə məhdudiyyətli və görmə qabiliyyəti olmayan şəxslərin gündəlik həyatını asanlaşdırmağı hədəfləyir.
Dr. Əli Məmmədovu bu nailiyyəti münasibətilə təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayırıq.