2 həftə, 6 gün əvvəl

UFAZ-ın Məzunu İsveçrədə Təcrübəçi Geoloq kimi Fəaliyyətə Başlayıb

fuad intern post

Azərbaycan-Fransız Universitetinin “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə 2025-ci il məzunu Fuad İldarov İsveçrənin nüfuzlu CERN Yay Tələbə Proqramı 2025 çərçivəsində təcrübəçi geoloq kimi fəaliyyət göstərir.

Fuad İldarov 10 minə yaxın müraciətçi arasından seçilərək proqramda iştirak hüququ qazanan 140 tələbədən biri olub. O, 2 aylıq yay təcrübə müddətində Cenevrədə yerləşən və dünyanın ən böyük hissəcik fizikası laboratoriyası sayılan CERN-də Gələcək Dairəvi Toqquşdurucu (FCC) layihəsi üzərində çalışacaq.

FCC layihəsi çərçivəsində alimlər maddənin fundamental quruluşunu daha dərindən araşdırmağı hədəfləyirlər. Bu layihə həmçinin Standart Modeldən kənar fizika sahəsində yeni hissəciklərin və qüvvələrin kəşfinə imkan yarada bilər. FCC yüksək texnologiyaların inkişafı ilə yanaşı, geologiya və fizika elmləri üzrə beynəlxalq əməkdaşlıq baxımından da mühüm əhəmiyyətə malikdir.

Əminik ki, bu təcrübə dövrü Fuad üçün həm elmi biliklərinin dərinləşməsində, həm də peşəkar inkişafında əvəzolunmaz bir mərhələ olacaq.

Qeyd edək ki, 2024-cü ildə bp şirkətində təcrübə keçən Fuad İldarov bu ilin sentyabr ayından etibarən həmin şirkətdə geoloq kimi peşəkar fəaliyyətə başlayacaq.