4 gün, 13 saat əvvəl
UFAZ-ın “Cotutelle” Proqramı üzrə Doktorantı EGU25 Elmi Konfransında Təqdimatla Çıxış Etdi

Vyanada Avropa Geoloji Elmlər İttifaqının 2025-ci il Ümumi Assambleyası (#EGU25) keçirildi. 120 ölkədən 18 mindən çox şəxsin birbaşa iştirak etdiyi, 104 ölkədən 2 mindən artıq iştirakçının onlayn formatda qoşulduğu elmi tədbir böyük uğur qazandı. Tədbir zamanı 1 102 sessiyada ümumilikdə 18 934 elmi təqdimat baş tutdu. Bu təqdimatların 56 %-i gənc tədqiqatçılar tərəfindən həyata keçirildi.
Gənc alimlərin yüksək fəallıq göstərdiyi konfransda Azərbaycan-Fransız Universitetinin “Cotutelle” Proqramı, Qaya Mexanikası ixtisası üzrə doktorantı Kamal Bayramov da şifahi nitqi ilə yadda qaldı. O, “Geoenerji tətbiqlərində faylar və çatlar: monitorinq, laboratoriya, sahə işləri və modelləşdirmə nəticələri” adlanan sessiyada çıxış edərək öz tədqiqat nəticələrini təqdim etdi.
Kamal Bayramovun “Pora quruluşu və istiqamətinin vulkanik süxurlarda keçirimlilik və sıxılma zolaqlarının formalaşmasına təsiri” adlı təqdimatı böyük maraq topladı. Tədqiqat süxurların içindəki xırda məsamələrin forması və istiqamətinin mayelərin süxur daxilində necə hərəkət etdiyinə və süxurların təzyiq altında necə dəyişdiyinə fokuslandı.
Onun həmmüəllifi olduğu “Krafla vulkanından (İslandiya) götürülmüş tufların sıxılması və keçirimliliyin dəyişməsi” adlı birgə tədqiqat işi Professor Michael Heap tərəfindən təqdim edildi. Bu araşdırma nəticələri 20 dəqiqəlik xüsusi təqdimat kimi seçildi. Tədqiqata verilən əhəmiyyət onun elmi dəyərini və keyfiyyətini bir daha ortaya qoydu.
Karyerasında mühüm addım hesab olunan bu uğurlu çıxışla əlaqədar Kamal Bayramovu təbrik edir, elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!
Xatırladaq ki, Vyana şəhərində keçirilən EGU25 Ümumi Assambleyasından əvvəl Kamal Bayramov Strasburqda təşkil olunan 2025 PhD Konqresində doktorantura tədqiqatının təqdimatına görə "Ən Yaxşı Poster Mükafatı" ilə təltif olunub.

