1 həftə, 3 gün əvvəl
UFAZ-ın məzunu Rəşad Abbasov Strasburq Universitetində doktorluq işini uğurla müdafiə edib
 
                    Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Yer elmləri” ixtisası üzrə 2022-ci il məzunu Rəşad Abbasov sentyabrın 25-də Fransanın Strasburq Universitetində Dr. Marvan Fas və Dr. Reno Tussenin rəhbərliyi ilə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.
Rəşadın “Yağış mənşəli sürüşmələrin hidro-mexaniki modelləşdirilməsi: qeyri-müəyyənliklərin qiymətləndirilməsi, model sadələşdirmələri və səthi gərilmənin təsiri” mövzusunda apardığı tədqiqat sürüşmə proseslərinin daha dəqiq proqnozlaşdırılması və anlaşılması məqsədilə qabaqcıl hidro-mexaniki modelləşdirmə yanaşmalarına əsaslanır. O, elmi tədqiqatların tətbiqi vasitəsilə təbii fəlakətlərin öyrənilməsi və qarşısının alınması üzrə biliklərin dərinləşdirilməsinə töhfə verməyə çalışır.
Onun doktorantura təhsili “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) tərəfindən maliyyələşdirilib.
Doktorantura təhsilinə başlamazdan əvvəl Rəşad UFAZ-da fərqlənmə diplomu ilə magistr, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fərqlənmə diplomu ilə bakalavr dərəcəsinə yiyələnmişdir. Təhsil illəri ərzində o, Xoşbəxt Yusifzadə, Akif Əlizadə adına və SOCAR daxili təqaüdləri kimi bir sıra nüfuzlu təqaüdlərə layiq görülüb.
UFAZ kollektivi Rəşad Abbasovu bu əlamətdar nailiyyəti münasibətilə təbrik edir, ona elmi və peşəkar fəaliyyətində yeni uğurlar arzulayır.
Qeyd edək ki, hazırda UFAZ-ın daha 52 məzunu doktorantura təhsili alır və ya artıq bu mərhələni başa vurub. Onlardan 4-ü isə yaxın zamanda doktorluq dissertasiyalarını müdafiə etməyə hazırlaşır.
 
 
