11 saat əvvəl
UFAZ və Qarabağ Universiteti arasında arxeoloji tədqiqatlar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan-Fransız Universitetində (UFAZ) Qarabağ Universitetinin Azıx Arxeoloji Tədqiqatlar və Analiz Laboratoriyaları Mərkəzinin rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının tədqiqatçısı Əjdər Babazadə ilə görüş keçirilib.
UFAZ-ın baş katibi Martin Qodonun iştirakı ilə keçirilən görüşdə arxeologiya, geologiya və analitik kimya sahələrini əhatə edən multidisiplinar tədqiqatlar üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüş zamanı UFAZ-ın geologiya elmləri və analitik kimya sahələrindəki elmi potensialının arxeoloji tədqiqatlarla birləşdirilməsinin yeni elmi imkanlar yarada biləcəyi vurğulanıb. Əməkdaşlıq çərçivəsində arxeoloji materialların tərkibinin və mənşəyinin müəyyənləşdirilməsi, qədim dövrlərin geoloji və ekoloji şəraitinin öyrənilməsi, eləcə də arxeoloji ərazilərin tədqiqində geofiziki üsullardan və məsafədən zondlama texnologiyalarından istifadə imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, qədim üzvi qalıqların molekulyar səviyyədə təhlili vasitəsilə keçmiş dövrlərdə istifadə olunan materialların, texnologiyaların və insan fəaliyyətinin xüsusiyyətlərinin araşdırılması məsələsinə də diqqət yetirilib.
Mümkün əməkdaşlığın yalnız birgə elmi tədqiqatlarla məhdudlaşmayacağı, eyni zamanda, mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, laboratoriya və analitik imkanların genişləndirilməsinə, eləcə də elmi təcrübə mübadiləsinin inkişafına töhfə verəcəyi qeyd olunub.
Görüş tərəflər arasında gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmək və birgə tədqiqat layihələrinin həyata keçirilməsi üçün ilkin müzakirələr baxımından əhəmiyyət daşıyıb.