1 ay əvvəl

UFAZ "Caspian Agro" - 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində İştirak Edir

1747163539083

Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisi keçirilir. Tədbirə Azərbaycanla yanaşı, onlarla ölkədən beynəlxlaq şirkətlər qatılıb. Nümayəndələr sərgidə kənd təsərrüfatı və qida sənayesi sahəsindəki yenilikləri, eləcə də ən son texnologiyaları təqdim edirlər. Dörd günlük “Caspian Agro” sərgisində aqrar sahədə tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur.

Azərbaycan-Fransız Universiteti (UFAZ) də bu təşəbbüsdə geniş şəkildə təmsil olunur. Həm mərkəzin daxilində, həm də açıq sahədə UFAZ üçün xüsusi stendlər ayrılıb. Strateji Tərəfdaşlıq və İnkişaf Departamenti ziyarətçilərə UFAZ-ın tədris proqramları, akademik imkanları və beynəlxalq əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verdi.

Kimya Departamentinin nümayəndələri Emil Qəhrəmanov və Zümrüd Yunusova da tədbirdə iştirak etdilər. Onlar universitetin Avropadan idxal edilmiş elmi laboratoriya vasitələri ilə bağlı məlumat verərək stendlərə yaxınlaşan qonaqları məlumatlandırdılar. Eyni zamanda, izləyici marağına səbəb olan kiçik təcrübələr də icra etdilər.

UFAZ-ın tələbələri də öz startaplarını təqdim edərək tədbirdə aktivlik nümayiş etdirdilər. “Caspian Agro” sərgisində iştirak edən UFAZ tələbəsi Anar Məhərrəmli (Geologiya və Geofizika mühəndisliyi, 4-cü kurs) “SmartMole” startap layihəsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və digər qonaqlara təqdim etmək imkanı qazandı. “Şabran-D” MMC ilə UFAZ arasındakı əməkdaşlığın göstəricisi olan bu startap kənd təsərrüfatında suvarma və gübrələmə proseslərini inqilabi şəkildə dəyişdirmək məqsədilə hazırlanmış süni intellekt əsaslı torpaq monitorinq texnologiyasıdır. Müasir sensorlar və süni intellekt vasitəsilə “SmartMole” su və gübrənin harada və nə zaman tətbiq olunmalı olduğunu dəqiq müəyyənləşdirir. Bu isə resurs israfının qarşısını alır, məhsuldarlığı artırır və dayanıqlı kənd təsərrüfatına töhfə verir.

“Algenix” startapının müəllifləri, Kimya Mühəndisliyi, 4-cü kurs tələbələri Ramin Rüstəmov və Mehdi Eyvazov elmi təcrübələrini təqdim etdilər. Bu innovativ layihə yosunlardan bərpa olunan bioyanacaq istehsalına yönəlib və daha dayanıqlı gələcəyi hədəfləyir. 2024-cü ildə Azərbaycanda keçirilən COP29 iqlim konfransı çərçivəsində təqdim olunan layihə bir daha tədbir iştirakçılarının marağına səbəb oldu.

Sərgidə UFAZ-ı təmsil edən digər startap “Purnois” oldu. Kimya Mühəndisliyi, 3-cü kurs tələbələri - Nurlanə Hümbətova, Züleyxa Əmralı və Ayşən Niftəliyeva da öz tədqiqat nəticələrini meydana qoydular. Startap kənd təsərrüfatı üçün istifadə olunan suyun təmizlənməsi məqsədilə fındıq qabığından hazırlanmış ekoloji filtrasiya sistemlərini ərsəyə gətirir. Bu yanaşma həm suyun keyfiyyətini artırır, həm də aqro-tullantıların dəyərə çevrilməsini təmin edir.

Sərgidə həm UFAZ akademik heyətinin, həm də tələbələrinin nümayiş etdirdiyi yüksək aktivlik universitetin elmi potensialını, tədqiqat imkanlarını və startap mədəniyyətinə dəstəyini bir daha ortaya qoydu. Bu cür beynəlxalq tədbirlər tələbələr üçün həm təcrübə, həm də şəbəkələşmə baxımından mühüm fürsət yaradır.

exhibit 1
exhibit  2
exhibit  3
exhibit  4
exhibit  5
exhibit  6
exhibit  7
exhibit  8
exhibit  9
Photo 44
1747167820041yeni
1747167820041
exhibit  13
exhibit  14
exhibit  15
exhibit  16
WhatsApp Image 2025-05-14 at 14.47.35 (11)