5 saat əvvəl
UFAZ-da “Beaujolais Nouveau” gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransanın ənənəvi “Beaujolais Nouveau” gününə həsr olunmuş tədbir keçirilib. Fransanın mədəni həyatında özünəməxsus yer tutan bu ənənə yeniliyi və insanları ortaq bayram ətrafında bir araya gətirməyi simvolizə edir.
Universitetdə təşkil olunan tədbir fransız mədəniyyətinin müxtəlif elementlərini tələbələrə daha yaxından tanıtmaq, mədəniyyətlərarası ünsiyyəti təşviq etmək və universitet icması arasında birlik mühitini gücləndirmək məqsədi daşıyıb.
Tədbir çərçivəsində “Beaujolais Nouveau” gününün tarixi və Fransanın mədəni ənənələrindəki yeri haqqında ətraflı məlumat verilib. Daha sonra təşkil olunan viktorinada iştirakçılar biliklərini sınamaq və fransız mədəniyyəti ilə bağlı yeni məlumatlar əldə etmək imkanı qazanıblar.
Proqramın davamında tələbələr günə həsr olunmuş şeir və musiqi nömrələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar. Həmçinin universitetdə Fransız Dili Klubunun yaradıldığı və klubun yeni üzvlərin qəbuluna hazır olduğu elan edilib.
Fərqli mədəniyyətlərin tanıdılması, ünsiyyət və təcrübə mübadiləsi üçün imkan yaradan tədbir iştirakçıların bir araya gəldiyi qeyri-rəsmi ünsiyyət və şəbəkələşmə sessiyası ilə yekunlaşıb.