9 saat əvvəl
UFAZ-ın nümayəndə heyəti “SABAH.city”də ADNSU-nun yeni laboratoriyaları ilə tanış olub
Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndə heyəti “SABAH.city” innovasiya şəhərciyində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Mərkəzinə səfər edib.
Səfərdə UFAZ-ın icraçı direktoru dos. Vazeh Əskərov, UFAZ-ın baş katibi Martin Qodon, Strasburq Universitetinin professoru və UFAZ-ın proqram koordinatoru Kristof Serra, həmçinin UFAZ-ın kimya müəllimi və proqram koordinatoru Maksim Florent iştirak ediblər.
Nümayəndə heyəti ADNSU Mərkəzində fəaliyyət göstərəcək Süni İntellekt İnstitutu, Biotexnologiya, Ekoloji Monitorinq, Prototip Dizayn, Kemoinformatika və Hesablama Kimyası laboratoriyaları ilə tanış olub.
Qonaqlara laboratoriyaların əsas fəaliyyət istiqamətləri, texniki və elmi-tədqiqat imkanları, müasir avadanlıqların funksional xüsusiyyətləri, eləcə də burada həyata keçirilməsi planlaşdırılan tətbiqi və fundamental tədqiqat layihələri barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti laboratoriyalarda aparılması nəzərdə tutulan işlərlə, sənaye müəssisələrinin ehtiyaclarına uyğun analiz və tədqiqat imkanları, yeni texnoloji həllərin hazırlanması və prototipləşdirmə istiqamətləri ilə tanış olub.
UFAZ nümayəndələri, xüsusilə kimya, mühəndislik, süni intellekt və digər əlaqəli istiqamətlər üzrə mövcud tədqiqat imkanları ilə maraqlanıb, laboratoriyaların tədris prosesinə inteqrasiyası və tələbələrin praktik və elmi-tədqiqat fəaliyyətinə cəlb olunması perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, “SABAH.city” layihəsi çərçivəsində ADNSU, Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası yaradılıb. ADNSU Mərkəzində formalaşdırılan müasir elmi-tədqiqat infrastrukturu neft-qaz, neft-kimya, energetika, ekologiya, biotexnologiya, aqrar və digər sahələr üzrə tətbiqyönümlü tədqiqatların aparılmasına, yeni texnoloji həllərin hazırlanmasına və yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edəcək.