2 saat əvvəl
UFAZ müəlliminin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub
Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Gülnaz Qəhrəmanovanın həmmüəllifi olduğu “Siçanlarda melanomanın Nb₄C₃Tₓ MXene vasitəsilə dəstəklənən in vivo fototermal terapiyası” adlı elmi məqalə “Scopus”/“SCImago” üzrə Q1, “Web of Science”/JCR üzrə isə Q2 kateqoriyasında yer alan “Advanced NanoBiomed Research” jurnalında dərc olunub.
Tədqiqatda xərçəng xəstəliklərinin müalicəsində yeni yanaşmalardan biri olan fototermal terapiyada Nb₄C₃Tₓ MXene adlı nanomaterialın tətbiqi imkanları araşdırılıb. MXene-lər çox nazik, ikiölçülü nanomateriallar sinfinə daxildir və əsasən enerji saxlama və elektronika sahələrində tətbiq imkanları ilə tanınır. Son illərdə isə onların tibbi tətbiqləri, o cümlədən xərçəng hüceyrələrinin məhv edilməsinə yönəlmiş fototermal terapiya üçün istifadəsi də tədqiq edilir.
Tədqiqat çərçivəsində Nb₄C₃Tₓ MXene melanoma modelində həm laboratoriya şəraitində, həm də siçanlar üzərində sınaqdan keçirilib. Alimlər nanomaterialı 1064 nanometr dalğa uzunluğuna malik impulslu lazer şüalanması ilə birlikdə tətbiq ediblər. Bu zaman MXene lazer enerjisini istiliyə çevirərək şiş nahiyəsində temperaturun yüksəlməsinə və xərçəng hüceyrələrinin zədələnməsinə imkan verib.
Nəticələr göstərib ki, Nb₄C₃Tₓ MXene ilə lazer terapiyasının birlikdə tətbiqi melanoma şişlərinin böyüməsini əhəmiyyətli dərəcədə zəiflədib və xərçəng hüceyrələrinin geniş şəkildə məhv edilməsinə səbəb olub.
Tədqiqatın nəticələri Nb₄C₃Tₓ MXene-in fototermal terapiyada perspektivli və təhlükəsiz platforma kimi istifadə imkanlarını ortaya qoyub. Əldə olunan nəticələr bu nanomaterialın xərçəngin müalicəsində tətbiqi üzrə gələcək araşdırmalar üçün mühüm əsas yaradır. Tədqiqatçılar növbəti mərhələdə MXene əsaslı yanaşmaların effektivliyinin artırılması və onların biotibbi tətbiq imkanlarının daha geniş şəkildə araşdırılmasını nəzərdə tuturlar.
Məqalənin tam mətni ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://doi.org/10.1002/anbr.70157