10 saat əvvəl
UFAZ-ın müəlliminin elmi məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub
Azərbaycan-Fransız Universitetinin (UFAZ) kimya müəllimi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universitetinin (Unistra) birgə “Cotutelle” doktorantura proqramı üzrə doktorantura təhsili almış və hazırda dissertasiya müdafiəsinə hazırlaşan Narınc Tağıyevanın elmi məqaləsi “ACS Omega” jurnalında dərc olunub. Jurnal Q1 kateqoriyasına daxildir və 5.2 impakt faktoruna malikdir.
“Salen tipli Schiff bazası ilə funksionallaşdırılmış qrafen oksidinin və onun reduksiya olunmuş analoqunun termo-oksidləşdirici deqradasiya kinetikası” adlı məqalədə qrafen oksidinin Schiff bazası ilə funksionallaşdırılmış formalarının istilik və oksidləşmə şəraitində davranışı araşdırılıb. Tədqiqat çərçivəsində materialların termo-oksidləşdirici parçalanma kinetikası, istilik sabitliyi və aktivləşmə parametrləri müqayisəli şəkildə təhlil edilib.
Araşdırmanın nəticələri göstərir ki, qrafen oksidinin kimyəvi funksionallaşdırılması onun istilik dayanıqlığını artırır, nəm udma qabiliyyətini azaldır və materialın yüksək temperatur şəraitində daha sabit davranmasına şərait yaradır. Müəlliflər həmçinin müəyyən ediblər ki, oksigen və azot tərkibli funksional qruplar, eləcə də materialın reduksiya dərəcəsi qrafen əsaslı materialların termo-oksidləşdirici xüsusiyyətlərinin formalaşmasında mühüm rol oynayır. Bu nəticələr gələcəkdə yüksək performanslı funksional materialların hazırlanması və müxtəlif sənaye tətbiqləri üçün yeni imkanlar yarada bilər.
Məqalənin tam mətni ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://pubs.acs.org/acsodf/article/11/25/37849/5170597/Thermal-Oxidative-Degradation-Kinetics-of-Salen?searchresult=1