2 həftə, 4 gün əvvəl
UFAZ-ın 10 illik yubileyi çərçivəsində “UFAZ Fest” konserti keçirilib
İyunun 6-da Azərbaycan-Fransız Universitetinin (UFAZ) Musiqi Klubunun təşkilatçılığı ilə universitetin 10 illik yubileyinə həsr olunmuş “UFAZ Fest” tədbiri keçirilib.
Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında təşkil olunan tədbir UFAZ-ın yubiley proqramı çərçivəsində reallaşdırılıb. Festivalın əsas məqsədi tələbələrin yaradıcılıq potensialını nümayiş etdirmək, universitet ictimaiyyətini bir araya gətirmək və gənclər arasında mədəni mühitin inkişafına töhfə vermək olub.
600-dən çox iştirakçının qatıldığı tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və UFAZ-ın rəhbərliyi, müəllim və inzibati heyəti, tələbələr, məzunlar, eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbirin əsas hissəsini UFAZ Musiqi Klubu və Psixologiya Klubunun hazırladığı “This Music May Contain Hope” adlı konsert proqramı təşkil edib. Tələbələr tərəfindən ərsəyə gətirilən layihə müasir dünyanın sürətli ritmi və müxtəlif çağırışları fonunda ümid, özünüifadə, emosional rifah və daxili güc mövzularını musiqi və incəsənət vasitəsilə tamaşaçılara çatdırıb. Musiqi, səhnə performansı və vizual incəsənəti bir araya gətirən konsert dörd fəsildən ilhamlanan hissələrdən ibarət olub. Tədbirdə müxtəlif musiqi nömrələri, canlı ifalar, bədii səhnələr və vizual təqdimatlar nümayiş olunub.
“UFAZ Fest” universitet tələbələrinin təşəbbüskarlığını, komanda işini və yaradıcılıq bacarıqlarını nümayiş etdirməklə yanaşı, tələbə klublarının universitet həyatına verdiyi töhfəni də ön plana çıxarıb.
Qeyd edək ki, UFAZ fəaliyyətinin 10 illiyini müxtəlif elmi, mədəni və sosial tədbirlərlə qeyd edir. “UFAZ Fest” də bu yubiley proqramının ən maraqlı tədbirlərindən biri kimi yadda qalıb və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.