14 saat əvvəl
UFAZ-ın məzunu “Stipendium Hungaricum” təqaüd proqramının qalibi olub
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kimya mühəndisliyi” ixtisası üzrə 2026-cı il məzunu Rüfət Səmədzadə Macarıstan Hökumətinin nüfuzlu “Stipendium Hungaricum” beynəlxalq təqaüd proqramının qalibləri sırasında yer alıb.
“Stipendium Hungaricum” Macarıstan hökuməti tərəfindən həyata keçirilən və dünyanın müxtəlif ölkələrindən olan tələbələrə Macarıstanın aparıcı ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı yaradan beynəlxalq təqaüd proqramıdır. Proqram çərçivəsində təhsil haqqı tam qarşılanır, aylıq təqaüd, yaşayış yeri və tibbi sığorta dəstəyi təmin edilir. Məqsəd beynəlxalq akademik əməkdaşlığı genişləndirmək və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verməkdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, 2026-2027-ci tədris ili üzrə proqram çərçivəsində 104 Azərbaycan vətəndaşı Macarıstanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 11 nəfər bakalavriat, 80 nəfər magistratura, 13 nəfər isə doktorantura səviyyəsində təhsil alacaq. Qaliblər kompüter elmləri, data elmi, beynəlxalq münasibətlər, maliyyə, menecment, kimya mühəndisliyi və digər prioritet istiqamətlər üzrə təhsil alacaqlar.
Rüfət Səmədzadəni bu mühüm uğur münasibətilə təbrik edir, ona gələcək təhsilində və peşəkar fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.