1 həftə, 3 gün əvvəl
UFAZ məzunu Fərəh Əsgərxanova doktorluq dissertasiyasını uğurla müdafiə edib
2025-ci il, dekabrın 9-da Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kimya mühəndisliyi” ixtisası üzrə bakalavr məzunu Fərəh Əsgərxanova Dövlət Proqramı çərçivəsində Strasburq Universitetində (UNISTRA) doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Onun “Kimyainformatika” sahəsindəki “Kosmetik tətbiqlər üçün təbiətdən ilhamlanan birləşmələrin kompüter əsaslı dizaynı” adlı doktorluq işi Dr. Gilles Marcounun elmi rəhbərliyi ilə həyata keçirilib. Tədqiqat innovativ kosmetik inqrediyentlərin dizaynı və seçimi üçün qabaqcıl hesablama yanaşmalarının işlənib hazırlanmasına həsr olunub.
Doktorluq işi çərçivəsində Fərəh Əsgərxanova kimyəvi birləşmələrin virtual dizaynı, onların xüsusiyyətlərinin proqnozlaşdırılması və kosmetik tətbiqlər üçün uyğun, məqsədyönlü profillərə malik molekulların seçilməsinə imkan yaradan əhatəli hesablama metodologiyası hazırlayıb. Bu yanaşma eksperimental metodlardan asılılığı azaltmaqla tədqiqatları daha səmərəli, qənaətcil və dayanıqlı hala gətirir.
Fərəh Əsgərxanovanın akademik yolu UFAZ-da “Kimya mühəndisliyi” üzrə bakalavr təhsilini başa vurması ilə başlayıb. Magistratura pilləsinin birinci ilini UFAZ-da başa vurub, daha sonra təhsilini Strasburq Universitetində (UNISTRA) davam etdirərək “Kimyainformatika” ixtisası üzrə mçagistr tərəcəsi əldə edib. Ardınca, Dövlət Proqramının dəstəyi ilə həmin universitetdə doktorantura təhsili alıb.
Onun tədqiqat fəaliyyəti kimya, dataya əsaslanan modelləşdirmə və kompüter dəstəkli molekulyar dizaynı birləşdirən güclü interdisiplinar yanaşmadan ibarətdir. Bu iş kosmetika sənayesi üçün innovativ və təbiətdən ilhamlanan həllərin hazırlanmasında kompeter elmlərinin rolunu artırmağa mühüm töhfə verir.
Dr. Fərəh Əsgərxanovanı doktorluq dissertasiyasını uğurla müdafiə etməsi münasibətilə təbrik edir, ona gələcək akademik və peşəkar fəaliyyətində davamlı uğurlar və yeni nailiyyətlər arzulayırıq.