11 saat əvvəl
UFAZ-ın məzunu Kamal Bayramov fəlsəfə doktoru elmi dərəcəsini əldə edib
Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Kamal Bayramov Strasburq Universitetində (Unistra) doktorantura tədqiqatını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Kamal Bayramov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Unistra-nın birgə “Cotutelle” doktorantura proqramı çərçivəsində elmi tədqiqatını başa vurub. O, Strasburq Universitetinin Yer Elmləri Məktəbi və Rəsədxanasında (École et Observatoire des Sciences de la Terre – EOST) "Vulkanik süxurlarda kompaktlaşmanın lokallaşması” mövzusunu araşdırıb.
Dissertasiya işi vulkanik süxurların mexaniki davranışının öyrənilməsinə həsr olunub. Tədqiqat vulkanik qazların ayrılması, vulkanik strukturların dayanıqlığı və geotermal kollektorların fəaliyyətinin daha yaxşı anlaşılması baxımından əhəmiyyət daşıyır.
Laboratoriya təcrübələrinə əsaslanan tədqiqat çərçivəsində məsamələrin istiqamətlənməsinin kompaktlaşma zonalarının formalaşmasına və süxurların keçiriciliyinə təsiri, vulkanik süxurlarda zamanla baş verən kompaktlaşma prosesləri, eləcə də kompaktlaşma zonalarının yaranması və inkişafı araşdırılıb. Sinxrotron rentgen təsvirləməsi vasitəsilə vulkanik süxurda kompaktlaşma zonasının yaranması və yayılması ilk dəfə real vaxt rejimində müşahidə edilib.
Əldə olunan nəticələr məsamələrin forması və istiqamətlənməsinin kompaktlaşma zonalarının istiqamətinə təsirini, eləcə də zamanla inkişaf edən kompaktlaşma proseslərinin xüsusiyyətlərini ortaya qoyub. Tədqiqat vulkanik süxurlarda kompaktlaşmanın lokallaşması mexanizmlərinin kəmiyyət baxımından daha dərindən anlaşılmasına töhfə verir.
Dr. Kamal Bayramovu bu mühüm elmi nailiyyəti münasibətilə təbrik edir, gələcək elmi və peşəkar fəaliyyətində uğurlar arzulayırıq!