18 saat əvvəl
UFAZ-ın məzunu Sərvər Məmmədov fəlsəfə doktoru elmi dərəcəsini əldə edib
Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Sərvər Məmmədov Fransanın Strasburq Universitetində (Unistra) Geofizika/Süxur fizikası istiqaməti üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini qazanıb.
Sərvər Məmmədov bakalavr və magistr təhsilini UFAZ-da alıb. 2023-cü ildə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təqaüd qazanaraq Strasburq Universitetində doktorantura təhsilinə başlayıb. O, oktyabrın 16-da “Elzasda geotermal ərazilər ətrafında karbonat süxurların deformasiyası, dağılması və maye axını” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Tədqiqatın əsas istiqaməti Fransanın Yuxarı Reyn Qrabenində yerləşən Orta Yura dövrünə aid Grande Oolithe (GO) karbonat süxur formasiyasının fiziki, petrofiziki və mexaniki xüsusiyyətlərinin öyrənilməsi olub. Geotermal enerji istehsalı üçün potensial kollektor hesab edilən bu formasiyanın məsamə quruluşu, mexaniki dayanıqlığı və müxtəlif təzyiq şəraitində keçiricilik xüsusiyyətləri araşdırılıb.
Tədqiqat çərçivəsində süxurların mikrostruktur və fiziki xüsusiyyətləri, müxtəlif gərginlik şəraitində mexaniki davranışı, dağılma mexanizmləri və keçiriciliyində baş verən dəyişikliklər təhlil edilib. Həmçinin süxurların zamanla deformasiyası (sürünmə) və bu prosesin keçiriciliyə təsiri öyrənilib.
Aparılan araşdırmalar Grande Oolithe formasiyasının mexaniki və hidravlik davranışının daha dərindən anlaşılmasına, eləcə də onun geotermal enerji mənbəyi kimi potensialının qiymətləndirilməsinə töhfə verir.
Dr. Sərvər Məmmədovu bu mühüm akademik nailiyyəti münasibətilə təbrik edir, gələcək elmi və peşəkar fəaliyyətində uğurlar arzulayırıq!