1 həftə, 3 gün əvvəl
UFAZ-ın məzunu İnsan Kapitalının İnkişafı Proqramının qalibi olub
VISTAR Mükəmməllik Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə, “Israel Aerospace Industries” (IAI), “Azercosmos” və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı çərçivəsində həyata keçirilən İnsan Kapitalının İnkişafı təlim proqramının birinci mərhələsi Məzuniyyət Günü və yekun layihə təqdimatları ilə başa çatıb.
7 həftə davam edən intensiv proqram çərçivəsində 32 iştirakçıdan ibarət 7 komanda formalaşdırılıb. Komandalar şəhərsalma, fövqəladə hallar, neft-qaz, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı və xilasetmə əməliyyatları sahələrində innovativ və texnologiyaya əsaslanan həllər hazırlayıblar. Proqram müddətində iştirakçılar altı təcrübəli təlimçidən dərslər alıb, müxtəlif layihə əsaslı fəaliyyət, təqdimat və tapşırıqlarda iştirak ediblər.
Yekun mərhələdə münsiflər heyətinin qərarına əsasən, Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə məzunu Jalə Mustafayevanın da yer aldığı “Pipeye” komandası proqramın qalibi elan edilib. Proqram müddətində Jalə Mustafayeva iki layihə təqdimatı müsabiqəsi – “Rolex” nümunə işi əsasında keçirilən təqdimat yarışında və “Pipeye” layihəsinə qalibiyyət qazandıran, münsiflər heyəti qarşısında baş tutan yekun mərhələdə fərqlənməyi bacarıb. Layihə güclü problem müəyyənləşdirməsi, innovativ yanaşması və praktik tətbiq imkanları ilə xüsusi diqqət çəkib.
Texniki biliklərin təkmilləşdirilməsi ilə yanaşı, proqram güclü şəbəkələşmə və əməkdaşlıq mühitini təmin edib. Proqramın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Jalə Mustafayeva və “Pipeye” komandasını bu uğur münasibətilə təbrik edir, nailiyyətlərinin davamlı olmasını diləyirik!