18 saat əvvəl
UFAZ məzununun elmi məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Geologiya və geofizika mühəndisliyi” ixtisasının məzunu, hazırda Oksford Universitetində “Yer elmləri” üzrə doktorantura təhsili alan Ələmdar Daşdəmirovun həmmüəllifi olduğu elmi məqalə “Scopus” bazasında indekslənən, “Yer və planet elmləri – Geologiya” kateqoriyası üzrə Q1 kvartilinə daxil olan beynəlxalq “Basin Research” jurnalında dərc olunub.
“1.8-2.4 milyon il əvvəl Xəzərin Cənub hövzəsində tektonik yenidənqurma və tektonik qaçış proseslərinin başlanması” adlı tədqiqat Oksford Universitetinin elmi rəhbərləri Riçard Uolker və Klaudiya Bertoninin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) geofizika və seysmologiya üzrə elmlər doktoru Nazim Abdullayevin rəhbərliyi altında Xəzərin Cənub hövzəsində tektonik proseslərin inkişaf tarixinin və müasir tektonik hərəkətlərin başlanma vaxtının müəyyənləşdirilməsinə həsr olunub.
Tədqiqatda Xəzərin Cənub hövzəsinin geoloji inkişafı və ətraf ərazilərlə müqayisədə hərəkət xüsusiyyətləri araşdırılıb. Alimlər dənizdə aparılmış seysmik əksolunma tədqiqatlarının məlumatlarını əvvəlki geoloji və geodezik araşdırmaların nəticələri ilə birləşdirərək regionda tektonik dəyişikliklərin nə zaman və hansı mexanizmlərlə baş verdiyini təhlil ediblər.
Araşdırmanın əsas nəticələrindən biri Xəzərin Cənub hövzəsində hazırda müşahidə olunan tektonik hərəkətlərin təxminən 1.8-2.4 milyon il əvvəl formalaşmağa başlamasının müəyyən edilməsidir. Tədqiqatçılar bu mərhələnin daha əvvəl, təxminən 6 milyon il əvvəl başa çatmış tektonik proseslərdən fərqləndiyini göstərirlər. Yeni tektonik mərhələ hövzənin şimal və qərb sərhədlərində sıxılma və üfüqi yerdəyişmə proseslərinin inkişafı ilə xarakterizə olunur. Başqa sözlə, araşdırma Xəzərin Cənub hövzəsinin geoloji quruluşunun zamanla necə dəyişdiyini və müasir hərəkət sisteminin nə vaxt formalaşdığını daha dəqiq izah edir.
Keçid vasitəsilə məqalənin tam mətni ilə tanış ola bilərsiniz: https://onlinelibrary.wiley.com/doi/10.1111/bre.70152