10 saat əvvəl
UFAZ məzununun elmi məqaləsi geologiya sahəsində nüfuzlu Q1 jurnalında dərc olunub
Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universitetinin (Unistra) “Cotutelle” doktorantura proqramı çərçivəsində birgə doktorantı, "Qaya mexanikası” ixtisası üzrə təhsil alan Kamal Bayramovun elmi məqaləsi geologiya sahəsində dünyanın nüfuzlu elmi nəşrlərindən biri olan “Journal of Structural Geology” jurnalında dərc olunub.
“Triaxial deformasiyaya məruz qalmış məsaməli lavalarda məsamələrin quruluşu və istiqamətinin sıxılma prosesinin lokalizasiyasına təsiri" adlı elmi məqalədə məsaməli vulkanik süxurların sıxılma zamanı necə deformasiya olunduğu araşdırılıb. Tədqiqatın əsas məqsədi süxurların daxilindəki məsamələrin forması və istiqamətinin onların mexaniki davranışına necə təsir göstərdiyini müəyyən etmək olub.
Araşdırma çərçivəsində məsaməli lava nümunələri üzərində triaxial sıxılma eksperimentləri aparılıb. Əldə olunan nəticələr göstərib ki, məsamələrin fərqli istiqamətlərdə yerləşməsi süxurların möhkəmliyinə, deformasiya prosesinə və sıxılma zolaqlarının yaranmasına birbaşa təsir göstərir.
Tədqiqatın nəticələri vulkanik süxurların mexaniki xüsusiyyətlərinin daha yaxşı anlaşılmasına imkan yaradır. Eyni zamanda, bu nəticələr vulkanların dayanıqlığının qiymətləndirilməsi, süxurlar daxilində maye və qazların hərəkətinin öyrənilməsi, eləcə də müxtəlif məsaməli geomateriallarda deformasiya proseslərinin modelləşdirilməsi üçün mühüm elmi əhəmiyyət daşıyır.
Məqalə qaya mexanikası və struktur geologiyası sahəsində məsamələrin quruluşu, onların istiqaməti və süxurların möhkəmliyi arasındakı əlaqəyə yeni eksperimental sübutlar təqdim edir. Bu baxımdan, tədqiqat həmin sahədə aparılan elmi araşdırmalara mühüm töhfə verir.
Məqalənin tam mətni ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.sciencedirect.com/science/article/pii/S019181412600163X?via%3Dihub